Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

“Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda elmi sessiya keçirilib
09.05.2021 13:49
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda elmi sessiya keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açaraq ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid şəxsiyyətinə, onun yaradıcılığına diqqət və qayğısından danışıb, dahi şairin nəşinin uzaq Sibirdən vətəninə gətirilməsi, Bakıda və Naxçıvanda Ev muzeylərinin yaradılması, məzarı üzərində məqbərənin ucaldılması, yubileyləri münasibətilə sərəncamlar imzalaması barədə ətraflı məlumat verib. Heydər Əliyevin dahi Cavidi dünya səviyyəli ədəbi şəxsiyyət kimi qiymətləndirdiyini, onu böyük mütəfəkkir Höte ilə müqayisə etdiyini deyib.

G.Babaxanlı çıxışında ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin ailəsinə də xüsusi qayğı ilə yanaşdığını, muzeyin fondunda mühafizə olunan dahi şairin övladları ilə mehriban münasibətini təsdiqləyən nadir sənədlərin qorunduğunu da söyləyib. Natiq ümummilli liderin Ərtoğrol Cavid haqqında xatirələrindən bir parçanı sessiya iştirakçılarının diqqətinə çatdırıb: “1942-ci il idi. Naxçıvanda idim. Dedilər ki, Hüseyn Cavidin oğlu buradadır. Onda onu əsgərlikdən buraxmışdılar Naxçıvana. Bir dəfə küçədə gələndə Ərtoğrolu mənə göstərdilər. Əsgər geyimində idi, üzü çox solmuşdu, amma sifəti çox gözəl bir oğlan idi”.

Daha sonra Gülbəniz Babaxanlı muzeyin fondunda mühafizə olunan Heydər Əliyevin Turan Cavidə ünvanladığı məktubları nümayiş etdirib və ədibin ev muzeyinin təşkili, açılışı ilə bağlı yazılan bu məktubların tarixi əhəmiyyət daşımaqla yanaşı, bir mənəvi qiyməti də olduğunu, dahi rəhbərin Cavidin ocağına, onun yeganə varisi olan qızına münasibətini ifadə etdiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər muzeyin aparıcı elmi işçisi, dosent Əzizağa Nəcəfzadə, şöbə müdiri Lalə Əliyeva və baş mühafiz Fəridə Azadova da Heydər Əliyev şəxsiyyətindən, onun elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza qayğısından söhbət açıblar.

Elmi sessiyanın sonunda Heydər Əliyevin 2002-ci ildə Hüseyn Cavidin Bakıdakı Ev Muzeyini təmirdən sonra açdığı zaman lentə alınan kadrlar nümayiş olunub.

Qeyd edək ki, Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə sərgi də təşkil edilib. Sərgidə Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əhatə edən fotolar, “Müstəqilliyimiz əbədidir” çoxcildliyi və başqa bir sıra dəyərli kitablar nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: