Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Azərbaycan dili ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub
09.05.2021 14:02
  • A-
  • A
  • A+

Azərbaycan dili ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndərin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub və bütöv bir sistem təşkil edib. Akademik bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafına, onun saflığının qorunmasına, işlək dilə çevrilməsinə və beynəlxalq münasibətlər sisteminə yol tapmasına dahi lider mühüm töhfələr verib: “Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib”.

Akademik qeyd edib ki, sovet hakimiyyəti illərində ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği ulu öndərin cəsarəti və düşünülmüş siyasəti nəticəsində mümkün olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Sonra professorlar Sayalı Sadıqova, İsmayıl Məmmədli, İsmayıl Kazımov görkəmli dövlət xadiminin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən söz açıblar. Bildirilib ki, ölkəmizdə dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ulu öndərin adı ilə bağlıdır. Həmçinin tədbirdə çıxış edən dosentlər Təranə Şükürlü, Qətibə Quliyeva, Teyyub Quliyev və Aytən Allahverdiyeva Azərbaycanda siyasi natiqliyin formalaşmasında Heydər Əliyevin rolundan, elmin, təhsilin, gənclərin inkişafına ulu öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: