Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Ümummilli lider Heydər Əliyev ölkəmizdə elm, təhsil və texnologiyanın inkişafında mühüm rol oynayıb
10.05.2021 10:48
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyev ölkəmizdə elm, təhsil və texnologiyanın inkişafında mühüm rol oynayıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən onlayn tədbir keçirilib.

Tədbirin moderatoru, müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d Aygün Əliyeva iştirakçıları yığıncağın gündəliyi ilə tanış edib. Bildirib ki, bu gün ulu öndərin gərgin əməyinin, zəhmətinin nətcələrindən təkcə xalqımız yox, həm də bütün region ölkələri, İslam dünyası və türk xalqları bəhrələnir. Məhz buna görə də dahi liderin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.

Sonra A.Əliyeva İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarının hazırladığı Heydər Əliyevin həyat yoluna işıq salan videomaterialı tədbir iştirakçılarına tədqim edib.

İnstitutun baş direktoru, akademik Əli Abbasov ulu öndər Heydər Əliyevin elm, təhsil və texnoloji inkişafdakı roluna toxunub, görkəmli dövlət xadiminin fəaliyyəti zamanı tək amalının ölkənin inkişafı və vətəndaşların rifahını təmin etmək olduğunu söyləyib. Məhz bu yolda xalqımıza misilsiz xidmətləri olan Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlişindən sonra ölkəmizdə köklü dəyişikliklər baş verib. Onun müdrikliyi, zəngin siyasi, dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində bu gün Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasında yer almaqdadır.

Ə.Abbasov qeyd edib ki, ulu öndərin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində misilsiz inkişaf baş verib, güclü sənaye potensialı yaradılıb və yüksəliş dövrü başlayıb. O bildirib ki, müasir mərhələdə Azərbaycanın dinamik inkişafı məhz həmin illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş strategiyaya əsaslanır. Akademik əsas diqqəti Azərbaycanda elmin, təhsilin və texnologiyanın inkişafına yönəldərək bu istiqamətlərdə Heydər Əliyev tərəfindən əsası qoyulan və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən strateji inkişaf və dövlət proqramları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dünya tarixində özünəməxsus yer tutan dahi şəxsiyyət Heydər Əliyevin İdarəetmə Sistemləri İnstitutunun və ümumilikdə AMEA-nın inkişafı istiqamətində misilsiz xidmətləri və əvəzolunmaz dəstəyi barədə fikirlərini bölüşüb. T.Əliyev Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, ümumilikdə iqtisadiyyatın və elmin inkişafı istiqamətində gördüyü işlərdən söhbət açıb, eyni zamanda onun Azərbaycanın xarici əlaqələrinin inkişafındakı əvəzsiz rolundan bəhs edib.

Daha sonra müəssisənin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək bildirib ki, Azərbaycan tarixində fenomenal şəxsiyyət, dünyaşöhrətli siyasətçi, dəmir məntiqə və fitri idarəetmə istedadına malik, müdrik lider kimi əhəmiyyətli rol oynayan ümummilli lider Heydər Əliyevin xidmətləri daha dərindən araşdırılmalı, dərindən öyrənilməli və təbliğ olunmalıdır. Çoxşaxəli siyasi fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafının əsasını qoyan, ölkəmizi bütün dünyaya tanıdan ulu öndərin Azərbaycan aliminə verdiyi dəyərdən, elmin, təhsilin inkişafına göstərdiyi dəstəkdən söz açan Ə.Sadıqov Heydər Əliyevin Azərbaycanda prioritet elmi istiqamətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. Bildirib ki, ulu öndər bu istiqamətlərin inkişafı üçün müvafiq infrastrukturun yaradılmasına və elmi kadrların hazırlanması böyük önəm verirdi. Vurğulayıb ki, həmin dövrdə Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan keçmiş Sovet İttifaqı miqyasında yarımkeçiricilər, neft kimyası, geofizika, kosmik tədqiqatlar və digər sahələrdə aparıcı yer tutub.

Ə. Sadıqov Heydər Əliyevin yüksəkixtisaslı kadr hazırlığı məqsədilə gənclərin nüfuzlu universitetlərdə təhsil almağa göndərilməsi, Azərbaycan dilinin inkişafı, gənclərin elmə cəlb olunması, alimlərin sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətdə onların nüfuzunun artırılması sahəsində fəaliyyəti barədə də ətraflı məlumat verib.

Tədbirdə, həmçinin akademik Asəf Hacıyev, institutun YAP ərazi təşkilatının sədri Zülalə Cəbiyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, r.ü.f.d. Rəşad Məstəliyev və laboratoriya müdiri, r.e.d. İlqar Məmmədov çıxış edərək ümummilli liderin Azərbaycan gəncliyinin inkişafına göstərdiyi diqqət və qayğıdan, elmə, Azərbaycan müəlliminə verdiyi dəyərdən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: