Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  ANNOUNCEMENTS

“Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
21.05.2021 14:35
  • A-
  • A
  • A+

“Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu ilin noyabr ayında akademiyanın İqtisadiyyat İnstitutunun və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan “Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti İqtisadiyyat İnstitutunda akademik Ziyad Səmədzadənin iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə və 80 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi haqqında 16 iyul 2020-ci il tarixli qərar qəbul edib. Bundan irəli gələrək sessiyanın keçirilməsi üçün İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə Təşkilat Komitəsi və Redaksiya Heyəti yaradılıb (sədr müavini Sakit Yaqubov, məsul katibi Tanrıverdi Paşa).

Konfransa təqdim olunacaq məqalə və tezislərin kitab şəklində dərci nəzərdə tutulur. Elmi sessiya aşağıdakı bölmələr üzrə baş tutacaq:

- Dayanıqlı inkişafın nəzəri-metodoloji məsələləri;

- Azərbaycanın iqtisadi inkişaf modeli;

- Azərbaycanda iqtisadi artım və ictimai rifah;

- Post-neft iqtisadiyyatının inkişaf istiqamətləri;

- Qarabağın iqtisadi dirçəlişi;

- Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi (fiskal və monetar tənzimləmə, investisiya və innovasiya siyasəti, aqrar siyasət və ərzaq təhlükəsizliyi, demoqrafik siyasət);

- İqtisadiyyatın sektorial və ərazi strukturunun təkmilləşdirilməsi.

Məqalə və ya tezislər 15 iyul 2021-ci ilədək Azərbaycan, rus, türk və ingilis dillərinin birində İqtisadiyyat İnstitutunun əməkdaşı Tanrıverdi Paşaya (elm@amea-iqtisadiyyat.org, tpasha_50@mail.ru) göndərilməlidir.

Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

- Məqalənin, tezislərin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, əlaqə telefon nömrəsi və elektron ünvanı ayrıca təqdim edilməlidir;

- Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır;

- Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə, təşkilatın adı adi şriftlə yazılmalıdır;

- Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır;

- Tezislər 3 səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələri qəbul etməyə bilər.

Tel.: (+994 12) 510 37 92 (əlavə 135), (+994 50) 352 32 60

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: