AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Rusiyada yeni nəşrə başlayan “Orientalia Digital” / “Цифровое востоковедение” / (“Rəqəmsal şərqşünaslıq”) adlı elmi jurnalın beynəlxalq redaksiya heyətinə üzv seçilib.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, akademik V.V.Naumkin tərəfindən Ş.Mustafayevə ünvanlanan dəvət məktubunda Azərbaycan aliminin böyük elmi təcrübəsi və aktiv tədqiqat fəaliyyəti nəzərə alınaraq, onun yeni nəşrə başlayan jurnalın redaksiya heyətinə üzv seçildiyi barədə məlumat verilir.
“Orientalia Digital” jurnalı öz səhifələrində dünyada rəqəmsal transformasiyalar dövründə müxtəlif elmi görüşlərin və orijinal tədqiqatların nəticələrini əks etdirməyi qarşıya məqsəd qoyan dövri mətbu orqan olacaq. Burada yalnız şərqşünaslıq sahəsində yeni elmi metodologiyalar haqqında deyil, həm də Şərq cəmiyyətlərində rəqəmsal dəyişmələr, Şərq və Qərbin tarixi əlaqələri və qarşılıqlı təsiri haqqında materiallar geniş işıqlandırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.