Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

25.05.2021 11:08
  • A-
  • A
  • A+

Azərbaycan Dünya Bankı tərəfindən dünyanın ən islahatçı 10 ölkəsindən biri kimi qiymətləndirilib

Azərbaycan Dünya Bankı tərəfindən dünyanın ən islahatçı 10 ölkəsindən biri kimi qiymətləndirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda “Azərbaycanda biznes mühiti - 2020:  reallıqlar və perspektivlər” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarı İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov açaraq tədbirin gündəliyi və məruzəçisi barədə məlumat verib.

Sonra müəssisənin Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, i.e.d., professor Tərbiz Əliyevin “Azərbaycanda biznes mühiti - 2020:  reallıqlar və perspektivlər” adlı məruzəsi dinlənilib. Təqdimatını Dünya Bankının “Doing Business 2020” hesabatı əsasında quran məruzəçi onun əsas fəlsəfəsi və qiymətləndirmə meyarları barədə məlumat verib. Alim ölkəmizin bu mötəbər reytinqdə mövqeyi barədə bildirib ki, müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5 bala qədər artırılıb. Bununla da, respublikamızın qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bundan əlavə, “Bir pəncərə” sisteminin tətbiq edilməsi, kreditə çıxış imkanlarının artırılması, kiçik paya malik olan səhmdarların hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, biznesə başlama prosedurlarının sayının və sərf olunan vaxtın minimuma endirilməsi istiqamətində aparılan islahatlar nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən dünyanın ən islahatçı on ölkəsindən biri kimi qiymətləndirilib.

Prof. T.Əliyev “Doing Business” indeksinin əsasını təşkil edən 10 indikator - biznesə başlama, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların müdafiəsi, vergilərin ödənilməsi, sərhəddə ticarət, müqavilələrin icrası və müflisləşmənin həlli ilə bağlı aparılmış tədqiqatlar, təhlillər, ölkələr üzrə müqayisəli qiymətləndirmələr, bu sahədə ölkəmizdə həyata keçirilən islahatlar, nəticələr, real mənzərə və perspektiv imkanlar barədə də danışıb. Habelə biznes fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin tərkibində baş verən institusional dəyişiklikləri, ölkə iqtisadiyyatında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı və rolunu qeyd edib.

İslahatların əsas məqsədi iş adamlarının biznes mühitində dayanıqlı inkişafının təmin edilməsi və beynəlxalq hesabatlarda  ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların xidmətlərdən elektron qaydada maksimum yararlana bilmələri, vətəndaşların və sahibkarların məmnunluğunun artırılması və bu sahədə şəffaflığın təmin olunması, dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inamın daha da artırılması, iş adamları üçün xidmətlərin alınması zamanı tələb edilən günlərin və prosedurların sayının azaldılması, daha az xərclə xidmətlərdən faydalanmasıdır. Nəticədə sağlam rəqabət və biznes mühiti, uzunmüddətli dövrdə qlobal dəyər zəncirinə qoşulacaq yeni biznes şəbəkəsi formalaşacaqdır”, - deyə alim diqqətə çatdırıb.

Tədqiqatçı Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında mövqeyinin yüksəldilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrini də səsləndirib.

Sonda məruzəçi sualları cavablandırıb, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: