Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Molekulyar genetika və genomika şöbəsi

Molekulyar genetika və genomika şöbəsi
Tel. (+994 12) 5628625 (121)
Faks (+994 12) 4499221 
Elektron poçtu

mehraj_genetic@yahoo.com

mehraj.abbasov@genres.science.az 

Struktur bölmənin rəhbəri Abbasov Mehrac Əli oğlu

Biologiya üzrə fəlsəfə doktoru 

İşçilərin ümumi sayı 33
Əsas fəaliyyət istiqamətləri 

1. Ex-situ və in-situ şəraitdə saxlanılan bitki genetik ehtiyatlarının molekulyar marker və sekvens texnologiyaları əsasında genotipləşdirilməsi və pasportlaşdırılması, genetik müxtəlifliyinin analizi, abiotik və biotik stress amillərə davamlılıq genlərinin skrininqi və ekspresiyasının tədqiqi, kəmiyyət və keyfiyyət əlamətlərinin assosiativ və genetik xəritələnməsi və molekulyar seleksiyanın nailiyyətlərindən istifadə etməklə sortalma prosesinin sürətləndirilməsi;

2. Canlı orqanizmlərin genom və transkriptom səviyyəsində tədqiqi, genom verilənlərinin bioinformatik və biostatistik analizi, yeni genlərin və gen qruplarının müəyyənləşdirilməsi;

3. Respublikaya gətirilən bitki genetik ehtiyatlarının genetik modifikasiya olunub olunmamasını müəyyən etmək və genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik konsepsiyasının hazırlanması;

4. İnsan genetikası və genomikası sahəsində tədqiqatların aparılması, irsi və anadangəlmə xəstəliklərin molekulyar-genetik və epigenetik tədqiqi, diaqnostik və proqnostik əhəmiyyətli mutasiyaların müəyyənləşdirilməsi, müxtəlif xəstəliklər üzrə riskli gen allellərinin aşkar edilməsi və spesifik gen panellərinin yaradılması.

Əsas elmi nəticələri

1. Yeni Nəsil Sekvenser və molekulyar marker texnologiyasından istifadə etməklə müxtəlif bitkilərə aid 900-dən çox nümunənin genotipləşdirilməsi həyata keçirilmiş və genetik müxtəlifliyi qiymətləndirilərək qruplaşdırılmışdır.

2. Dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun tam genomunun oxunması və 6 orqanı üzrə transkriptom analizi həyata keçirilmiş, nar genomunda 5485 gen ailəsinə daxil olan 51160 genin olduğu müəyyən edilmişdir. İlk dəfə olaraq, nar bitkisinin 6 orqanında gen ekspresiyasının intensivliyi müəyyən edilmiş və kök toxumasında genlərin digər orqanlara nisbətən daha aktiv olması təsdiq edilmişdir. Genom məlumatları Amerika Birləşmiş Ştatlarının Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən 13 dekabr 2017-ci ildə qeydə alınmışdır.

3. Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan toplanmış ərik bitkisi kolleksiyasında zəngin genetik müxtəliflik və şarka xəstəliyinə davamlılıq geninə malik donor genotiplər aşkarlanmış, ərik bitkisində mədəniləşdirilmə prosesinin ən azı iki dəfə, müxtəlif zaman və məkanlarda, lakin ümumi bir əcdaddan baş verməsi müəyyənlədirilmişdir.

4. Yüksək effektli maye xromatografiya və mass-spektrometriya üsulu ilə seçilmiş 21 tünd rəngli qarğıdalı nümunəsinin dənində antosianların tərkibi və miqdarının analizi aparılmış və fərqli nümunələr seçilmişdir. Antosianların miqdarı daha yüksək olan nümunələr gələcək seleksiya proqramına daxil edilmişdir.

5. Lərgə (Lathyrus sativus L.) bitkisinə aid kolleksiya nümunələrinin ISSR markeri ilə genotipləşdirilməsi zamanı ümumilikdə 144 bənd sintez olunmuş, kolleksiya üçün polimorfizm faizi 86%, genetik müxtəliflik əmsalı 0.75 vahid təşkil etmişdir. 5000 bootstrap dəyəri ilə klaster analizi genotipləri 4 qrupda birləşdirmiş, nümunərin qruplaşması növmüxtəlifliyi ilə uyğunluq təşkil etmişdir. PCoA analizi kolleksiyada kəskin differensiasiya etmiş 2 qrupun olmasını göstərməklə, kolleksiyanın assosiativ xəritələşdirmə üçün mühüm genefond olduğunu təsdiq etmişdir.

6. Noxud bitkisinə aid nümunələrin FOC genlərinə görə skrininqi zamanı 36 genotipin fuzariumun Foc 0, 10 genotipin isə Foc 2 ştamına qarşı davamlı olması aşkar edilmişdir.

7. Ektodermal displaziya diaqnozu qoyulmuş bacılarda xəstəliklə bağlı genlərin ekzonlarının Sanger üsulu ilə sekvenslənməsi nəticəsində, ilk dəfə olaraq, HOXC13 geninin 2-ci ekzonunda 28 n.c. uzuluğunda insersiya mutasiyası aşkar edilmişdir. Valideynlərin bu mutasiyaya görə heteroziqot olması müəyyən edilmişdir. HOXC13 genindəki mutasiyanın, parallel olaraq, selikli qişanın stenozu xəstəliyinə də səbəb olması aşkar edilmiş və klinik diaqnozların qoyulması zamanı bu amilin nəzərə alınması tövsiyə olunmuşdur.

8. İlk dəfə olaraq, β-talassemiya diaqnozu qoyulan xəstələrdə 3 yeni mutasiya aşkar edilmişdir. Dünyada ilk dəfə aşkar edilən HBB geninin promotor bölgəsində olan –198 (A>G) (HBB: c.-248A>G) tipli mutasiya, 2-ci kodonda yerləşən (–T) frameshift tipli mutasiya (HBB: c.9delT) ilə kombinasiya şəklində aşkar edilmişdir. Digər iki mutasiya (HBB:c.1A>C və HBB: c.380T>G) isə Azərbaycan populyasiyasına ilk dəfə aşkar edilmiş, xəstəliyin diaqnozu və müalicəsində digər laborator və instrumental analiz nəticələri ilə yanaşı genetik mutasiyaların da nəzərə alınması tövsiyə olunmuşdur.

9. Molekulyar tədqiqatlarla sübut olunmuşdur ki, normal mədəaltı vəzi hüceyrələrində retinoid reseptorlarının və retinoik turşusunun ekspresiyası mədəaltı vəzi xərçəngi hüceyrələri ilə müqayisədə yüksək olur. Eyni zamanda, mədəaltı vəzi xərçəngi hüceyrələrində miR-27a, miR-27b, miR-9, miR10a və miR-10b genlərinin ekspresiyasının artması təsdiq olunmuş və müəyyən edilmişdir ki, bu genlərin ekspresiyasının artması RARα, RARβ, RXRα və RXRβ-in ekspresiyasının azalmasına təsir göstərmir.

10. Translyasiya səviyyəsinin transkriptlərin (5'-, 3`-UTR, CDS) funksional vahidlərinin xüsusiyyətlərindən, məsələn GC tərkibi, CpG adaları, kodon tərkibi və s., asılılığını analiz etməyə imkan verən translyatomun polisom və monosom fraksiyalarının analizi sistemi işlənilib hazırlanmışdır.