Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.05.2019 14:46
  • A-
  • A
  • A+

Hüquq və İnsan Haqları İnstitutu ilə Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutu arasında saziş imzalanıb

Hüquq və İnsan Haqları İnstitutu ilə Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutu arasında saziş imzalanıb

Rusiya Federasiyası Hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyası prezidentinin müavini, akademik Taliya Xabriyeva, həmin institutun direktor müavini Yuliya Kaşevarova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Asiya Belyalova AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunu (HİHİ) ziyarət edib.

HİHİ-nin direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə rəhbərlik etdiyi institutun fəaliyyəti, qanunvericilik aktlarının hazırlanmasında iştirakı, tibb hüququ və s. haqqında ətraflı məlumat verib, Azərbaycan ilə Rusiya arasında elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Akademik Taliya Xabriyeva isə öz növbəsində müasir dünyada elmin mühüm roluna nəzər salıb, iki qurum arasında əməkdaşlığın fayda verəcəyini bildirib.

Daha sonra iki institut arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən, tərəflər insan hüquqlarının və azadlıqlarının qorunması, konstitusiya hüququ və demokratik institutların inkişafı, yeni çağırışlar əsasında qanunvericiliyin təkmilləşdirilməsi (terrorizm, kibercinayətkarlıq, ekologiya, şəxsi məlumatların qorunması və s.), beynəlxalq və milli qanunvericiliyin əlaqələndirilməsi kimi sahələrdə qarşılıqlı əməkdaşlıq edəcəklər.

Tədbir çərçivəsində, həmçinin h.ü.e.d., professor Rəşad Qurbanov və h.ü.e.d. Ramin Qurbanovun redaksiyası və həmmüəllifliyi, akademik T.Xabriyevanın "Ön sözü" ilə hazırlanmış 3 cildli "Avropa və Avrasiya məhkəmə sistemləri: elmi-ensiklopedik nəşr" kitabının təqdimatı da keçirilib.

Sonda T.Xabriyevaya Hüquq və İnsan Haqları İnstitutunun "Fəxri professoru" diplomu verilib, o cümlədən tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: