Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Akademik Rasim Əliquliyev Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsinə daxil edilib
24.05.2019 12:07
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsinə daxil edilib

Məlum olduğu kimi, 2019-cu ilin 4-11 avqust tarixlərində Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək. Bu barədə qərar Olimpiadanın Baş Assambleyasının 2015-ci ilin yayında Qazaxıstanın Almatı şəhərində baş tutan iclasında verilib. 2018-ci ildə Yaponiyanın Tsukuba şəhərində keçirilən məktəblilərin Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimində olimpiadanın bayrağı Azərbaycanın nümayəndə heyətinə təqdim olunub.

Bu il ölkəmizdə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına 90-a yaxın ölkədən, təxminən, 500-dən çox şagird və müəllimin qatılacağı gözlənilir.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun imzaladığı Sərəncama əsasən, Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Həmin Sərəncamda göstərildiyi kimi, AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Təşkilat Komitəsinə daxil edilib.

Sərəncamda Təşkilat Komitəsinə Beynəlxalq İnformatika Olimpiadasının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirməsi tapşırılıb.

Xatırladaq ki, Beynəlxalq İnformatika Olimpiadası ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirilib və Azərbaycan bu bilik yarışına 1994-cü ildən qoşulub. Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: