Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda neftlə çirklənmiş torpaqların rekultivasiyası istiqamətində görülən işlər yüksək qiymətləndirilib
25.06.2019 10:45
  • A-
  • A
  • A+

Azərbaycanda neftlə çirklənmiş torpaqların rekultivasiyası istiqamətində görülən işlər yüksək qiymətləndirilib

Rusiyanın Moskva vilayətinin  Puşino şəhərində Rusiya Elmlər Akademiyası (REA), Kənd Təsərrüfatı Nazirliyi, Federal Tədqiqatlar Mərkəzi və Rusiya Xalqlar Dostluğu Universitetinin təşkilatçılığı ilə beynəlxalq simpozium keçirilib.

Simpoziumun plenar iclasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev "Abşeronda neftlə çirklənmiş torpaqların subtropik bitkilər vasitəsilə rekultivasiyası" mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Tədbirin üçüncü günündə Ə.Quliyev Torpaqların Fiziki-Kimyəvi və Bioloji Problemləri İnstitutunun direktoru, REA-nın  müxbir üzvü Andrey Alekseyevlə görüşüb, neftlə çirklənmiş torpaqlar və onların remidasiyası məsələsini müzakirə edib. Ə.Quliyev bu sahədə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verib, sözügedən problemin bütün MDB ölkələrini narahat etdiyini söyləyib.

222,4 min hektar sahəsi olan Abşeron yarmadasının 33,3 min hektarının neftlə çirklənmiş sahələrdən ibarət olduğunu deyən Ə.Quliyev çirklənmiş torpaqların bütün ərazi üzrə dəqiq olmayan formada yayıldığını vurğulayıb: "Prezident İlham Əliyev bu sahəyə ciddi diqqət yetirir. Bunun nəticəsidir ki, neftlə çirklənmiş torpaqlar və onların remidasiyası sahəsində Azərbaycanda böyük işlər görülüb".  

Alimin sözlərinə görə, Abşeron torpaqlarını neft tullantılarının, lay və kanalizasiya sularının təsirindən qorumaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, SOCAR və digər təşkilatlar mühüm tədbirlər həyata keçirirlər.

REA-nın Torpaqların Fiziki-Kimyəvi və Bioloji Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, professor David Pinski neftlə çiklənmiş torpaqların müxtəlif bakteriyaların təsiri ilə münbit hala gətirilməsinin əhəmiyyətindən danışıb, Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnməyin vacibliyini vurğulayıb.

Həmçinin Əlövsət Quliyevin REA-nın Q.K.Skryabin adına Biokimya və Mikroorqanizmlərin Fiziologiyası İnstitutunda məruzəsi dinlənilib.

Simpozimun yekununda qərara alınıb ki, AMEA, REA və Qazaxıstan Elmlər Akademiyasının aid institutları müzakirə olunan məsələlərlə bağlı əməkdaşlıq etsinlər. Bildirilib ki, onların birgə səyi ilə neftlə çirklənmiş torpaqların rekultivasiya və remidasiya edilməsi minlərlə hektar torpaqların əkin dövriyyəsinə qaytarılması və məhsuldarlığın artırılmasına səbəb olacaq.

Sonda əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: