Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.08.2019 09:31
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə İsveçrə şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə İsveçrə şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma qurumlarından olan “SGS” şirkətinin (İsveçrə) Azərbaycandakı nümayəndəliyi – “SGS-Azeri LTD” MMC ilə geniş heyətli görüş keçirilib. Əsas məqsəd iki təşkilat arasında əməkdaşlıq əlaqələri və ortaq layihələrdə iştirak ilə bağlı müzakirələrin aparılması olub.

Tədbirdə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov, direktor müavini Məmməd Bağırzadə, AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin (SEASM) müdiri Arzu Əlizadə, keyfiyyət üzrə meneceri Kamal Yusifov, SGS Azeri LTD-nin icraçı direktoru Seymur Ağayev, keyfiyyət üzrə meneceri Lyudmila Zaxarova, biznes meneceri Məmmədağa Rüstəmov və laboratoriya meneceri Dilarə Tağıyeva iştirak ediblər.

Görüş çərçivəsində SGS-dən olan nümayəndə heyəti beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş, qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən SEASM ilə tanış olub.

Qonaqlara ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş mərkəzin əsas fəaliyyət istiqamətləri, sınaq otaqlarında yaradılmış innovativ şərait, eləcə də sınaq avadanlığı və ölçmə vasitələri haqqında geniş məlumat verilib. Bildirilib ki, beynəlxalq sınaq metodlarına uyğun tam komplektə edilmiş analitik laboratoriyanın ölkədə və respublikamızın hüdudlarından kənarda çalışan alimlər üçün fundamental tədqiqat mərkəzinə çevrilməsi nəzərdə tutulur.

Şirkət təmsilçiləri laboratoriyada mövcud olan müasir avadanlıqları, ümumilikdə YT Parkda həyata keçirilən layihələr və istehsal edilən rəqabət qabiliyyətli innovativ məhsulları yüksək qiymətləndiriblər, müvafiq istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, mərkəzi qərargahı İsveçrədə yerləşən, 97,0 min əməkdaşı olan  qlobal “SGS” şirkəti dünya üzrə çoxsaylı ofis və laboratoriyaya, eyni zamanda böyük müştəri bazasına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: