Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
19.09.2019 10:40
  • A-
  • A
  • A+

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist, Rusiyanın violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin çıxış ediblər. Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün konserti və görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə müəllifin 6 saylı simfoniyası səsləndirilib.

Festival günlərində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin, Azərbaycan Bəstəkarlar İttifaqında akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimatları, Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi və digər təqdimatlar keçiriləcək.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: