Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

20.09.2019 16:20
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi tarixi” kitabının növbəti cildi təqdim olunub

“Azərbaycan musiqi tarixi” kitabının növbəti cildi təqdim olunub

Sentyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli musiqişünas-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” kitabının IV cildinin təqdimatı olub.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbiri ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə açıb. O, kitabın musiqi ictimaiyyətimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan bu kitabda ötən əsrin 50-60-cı illərindən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığı, həmin dövrün ümumi mənzərəsinin təhlili və tədqiqi məsələləri yer alıb: "Bu cilddə 40 bəstəkarın həyatı və əsərləri haqqında dolğun məlumat verilib və biz burada musiqi tariximizi əyani sürətdə izləyə bilərik". 

Vurğulanıb ki, Qara Qarayev, Cövdət Hacıyev və digər görkəmli bəstəkarların sinfində təhsil almış bu bəstəkarların yaradıcılığında opera, balet, simfoniya, kantanta-oratoriya, vokal-instrumental və digər janrların inkişafı ilə yanaşı, yeni janr və formaların yaranması da qeyd olunub. Cilddə hər bəstəkarın yaradıcılığına ayrıca fəsil ayrılıb, onların yaradıcı problemləri portretləri doğum illərinin xronologiyasına əsasən verilib.

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli ölkəmizdə elm, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb. O, hazırda ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalından söhbət açıb.

Akademik Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Azərbaycan musiqisinin qədim tarixə malik olduğunu söyləyib. Bildirib ki, “Azərbaycan musiqi tarixi” kitabının IV cildi Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfədir.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəprofessor Tariyel Məmmədov, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və digərləri çıxış edərək kitab barədə öz fikirlərini bölüşüb, nəşrin elmi əhəmiyyətindən danışıblar.

Sonra tədbir bədii hissə ilə davam edib.

Sonda kitabın elmi redaktoru, akademik Zemfira Səfərova çıxış edərək tədqiqat əsərinin ərsəyə gəlməsindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: