www.science.az
11.10.2019 12:16

NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yerin atmosferinin ion təbəqəsini tədqiq edəcək ICON peykini orbitə buraxıb. 

www.nasa.gov saytı xəbər verir ki, “Pegasus” raketdaşıyıcısının modifikasiya olunmuş “L-1011 Stargazer” nəqliyyat təyyarəsindən startı yarım saatlıq gecikmə ilə Birləşmiş Ştatların şərq sahilindən həyata keçirilib. Canlı yayımda nümayiş olunan prosesin sonunda peykin orbitə çatdığı xəbər verilib.

Qeyd olunub ki, ICON missiyası iki il müddətinə nəzərdə tutulub. Üç pillədən ibarət olan “Pegasus XL” raketinin istehsalçısı isə Amerikanın “Northrop Grumman” korporasiyasıdır. 

Bildirilib ki, 0,27 ton çəkisi olan ICON Yerin atmosferinin yuxarı qatının 50 kilometr yüksəklikdə yerləşən ion təbəqəsini tədqiq etmək üçün hazırlanıb. Bu təbəqə zəif ion plazmasının parçalanmış təbii forması olaraq planetimizin maqnit sahəsində yerləşir. Burada olan yüksək keçirici qabiliyyətli spesifik xüsusiyyətlər sayəsində radiodalğaların sürətlə yayılması baş verir. Məhz bu təbəqə radiorabitə kimi uzaq məsafəli rabitə əlaqəsini təmin edir.