Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
15.10.2019 09:57
  • A-
  • A
  • A+

Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eunjoo Kim, layihənin koordinatoru Sohyun Kvon və Hanbat Universitetinin professoru Yonq İn Çoi ilə görüş keçirilib.

Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov nümayəndə heyətinə qurumda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı sahəsində həyata keçirilən işlər barədə məlumat verib.

Direktor müavini institutun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırıb. Bildirib ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir. AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 18 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

R.Ələkbərov, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi haqqında qonaqlara məlumat verib, burada AMEA-nın magistrlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, eləcə də təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstəyin göstərilməsinin həyata keçirildiyini diqqətə çatdırıb.

Direktor müavini EapConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması istiqamətində görülən işlərdən də danışıb.

Daha sonra təlimlər qrupunun rəhbəri Eunjoo Kim çıxış edərək təmsil etdiyi qurumun elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini bildirib. O, “Azərbaycanda Texnologiya Transferinin və Kommersiyalaşdırılmasının Təşviqi” layihəsinin məqsədindən danışıb, Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində Cənubi Koreya təcrübəsi və layihənin mümkün perspektivləri barədə məlumat verib.

Görüşdə, həmçinin Azərbaycanla Cənubi Koreya arasında elmi-texniki sahədə əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub. Bu istiqamətdə Koreya təcrübəsinin öyrənilməsi, tətbiqi, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

Sonda qonaqlar institutun AzScienceNet elm kompüter şəbəkəsi və onun Data Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: