www.science.az
15.10.2019 17:11

Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları genişləndirilir

Oktyabrın 15-də AMEA Rəyasət Heyətində Macarıstanla humanitar elm sahəsinə dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.

Öncə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli macarıstanlı nümayəndələri bu elm ocağında görməkdən məmnun olduğunu bildirib. O, imzalanacaq müqavilənin iki ölkə alimlərinin humanitar elm sahələrində tədqiqat imkanlarının genişləndirilməsinə zəmin yaradacağını vurğulayıb.

Görüşdə qurumlar arasında mövcud əlaqələrinin daha geniş müstəvidə inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. 

Daha sonra akademik Teymur Kərimli və Macarıstanın İrs Evinin İncəsənət direktoru İştvan Pal folklorşünaslıq sahəsində etnoqrafik tədqiqatlar, xalq rəqsi və xalq musiqisi topluları ilə bağlı birgə tədqiqat layihələrinə start verilməsi və digər istiqamətlərdə fəaliyyətin genişləndirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalayıblar.

Bundan başqa, Macarıstanın İrs Evi ilə AMEA-nın Folklor İnstitutu arasında niyyət protokolu imzalanıb.

İmzalanma mərasimində Macarıstan səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Mihay Qruber, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.