Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Şərqşünas alim Gövhər Baxşəliyevanı yubileyi münasibətilə təbrik edirik!
25.11.2019 16:44
  • A-
  • A
  • A+

Şərqşünas alim Gövhər Baxşəliyevanı yubileyi münasibətilə təbrik edirik!

Noyabrın 26-da görkəmli şərqşünas alim, AR Milli Məclisinin deputatı, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın 65 yaşı tamam olur.

Gövhər Baxşəli qızı Baxşəliyeva 26 noyabr 1954-cü ildə Bərdə şəhərində anadan olub. O, 1972-ci ildə Bakı şəhəri 212 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra isə Şərqşünaslıq İnstitutunda işə başlayıb. G.Baxşəliyeva 1977-1993-cü illərdə bu müəssisədə baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1993-2002-ci illərdə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini işləyib, 2002-ci ildən isə instituta rəhbərlik edir. G.Baxşəliyeva 2000-ci ildən AR Milli Məclisinin deputatıdır.

O, 1984-cü ildə "Müasir Suriya ədəbiyyatında vətənpərvərlik" mövzusunda namizədlik, 1996-cı ildə "Əbül-l-Fərəc əl-İsfəhaninin "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

G.Baxşəliyeva klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, mənbəşünaslıq, habelə şərqşünaslıq elminin digər istiqamətlərinin inkişafında mühüm xidmətləri olan və milli şərqşünaslıq və ədəbiyyatşünaslıq elmini tədqiqatları ilə zənginləşdirən görkəmli alimdir. Onun elmi əsərləri orijinallığı, zənginliyi, dərin nəzəriliyi və konseptuallığı ilə seçilir. Alimin tədqiqatları nəticəsində milli və dünya şərqşünaslıq elminə yeni səhifələr əlavə olunub. G.Baxşəliyevanın istər orta əsrlər, istərsə də müasir ərəb ədəbiyyatından etdiyi tərcümələr klassik Azərbaycan ədəbiyyatının tədqiqində və ərəb filologiyasının inkişafında böyük əhəmiyyət kəsb edərək elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Akademikin rəhbərliyi ilə Şərqşünaslıq İnstitutunda Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mədəni inkişafı, Şərq xalqlarının tarixi, filoloji, dini-fəlsəfi irsi, yazılı abidələri, Şərq-Qərb sivilizasiyalararası münasibətlər, Azərbaycan və Şərq xalqlarının tarixi-mədəni əlaqələri, müstəqil Azərbaycan Respublikası ilə Şərq ölkələri arasında siyasi, iqtisadi, diplomatik və mədəni münasibətlər araşdırılıb.

Azərbaycan elmini bir çox xarici ölkələrdə uğurla təmsil edən G.Baxşəliyeva, eyni zamanda Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. O, pedaqoji fəaliyyətlə də məşğul olub, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs aparıb.

Alimin elmi tədqiqatlarının nəticəsi 220-dən artıq məqalə, 17 kitab, eləcə də 5 monoqrafiyada əksini tapıb. Yüksəkixtisaslı şərqşünas kadrların hazırlanmasında bilavasitə iştirak edən Gövhər Baxşəliyevanın elmi rəhbərliyi ilə 21 namizədlik dissertasiyası müdafiə olunub.

Görkəmli şərqşünas alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: