Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.12.2019 10:05
  • A-
  • A
  • A+

Türkiyənin Qars vilayətinin tarixinin araşdırılmasına dair müzakirələr aparılıb

Türkiyənin Qars vilayətinin tarixinin araşdırılmasına dair müzakirələr aparılıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova Türkiyənin Qars şəhərindəki Qafqaz Universiteti Dövlət Konservatoriyasının professoru, Türk xalq musiqisi kafedrasının müdiri, həmyerlimiz Rafiq İmrani və Qars Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri Vedat Akçayözlə görüşüb.

Görüşdə professor M.Rəhimova qonaqlara rəhbəri olduğu institutda aparılan tədqiqatlar barədə məlumat verib.

Sonra çıxış edən R.İmrani Türkiyənin Qars bölgəsinin, xüsusilə qədim Aninin yerləşdiyi ərazinin mədəni və tarixi baxımdan Cənubi Qafqazla, Azərbaycanla bağlı olduğunu söyləyib. Bildirib ki, bir çox dövlətlər bu ərazinin mədəni tarixinin araşdırılmasına maraq göstərməkdədirlər və bu baxımdan ölkəmizin elm adamlarının bu bölgədə araşdırmalar aparması, Qars vilayətinin tarixində Azərbaycan türklərinin əks olunduğu mədəni irsi öyrənməsi olduqca əhəmiyyətlidir.

Daha sonra Ani bölgəsinin 2016-cı ildə UNESCO-nun Ümumdünya Mədəniyyət Mirası siyahısına daxil edilməsində əməyi olmuş Qars Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri V.Akçayöz bölgənin tarixi abidələri və özünün bu istiqamətdə apardığı araşdırmalar barədə məlumat verib.

Görüşdə Qars vilayəti və Ani abidələrində aparılan tədqiqatlarda azərbaycanlı alimlərin təmsil olunması üçün Qarsdakı Xəzər Universiteti və bölgənin digər elmi-tədqiqat mərkəzləri ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması təklifi irəli sürülüb.

Sonda türkiyəli qonaqlara institutun elmi nəşrləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: