Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

30.12.2019 13:38
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində “Nəsimi: edamdan sonrakı həyat” kitabının təqdimatı olub

Ədəbiyyat Muzeyində “Nəsimi: edamdan sonrakı həyat” kitabının təqdimatı olub

Dekabrın 30-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonrakı həyat” kitabının təqdimatı keçirilib.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitabın “Ön söz”ünün müəllifi, muzeyin direktoru, akademik Rafael Hüseynov, rəyçisi Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.

Tədbirdə çıxış edən akademik Rafael Hüseynov yüksək bəşəri humanizmi ilə dünya şöhrəti qazanmış, anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, aşıq yaradıcılığı, qoşma və divan kimi janrların poetik təkamülündə müstəsna rolu olan dahi Azərbaycan şairi Nəsimi və onun poeziyasının ideya-bədii siqləti barədə il ərzində bir çox dəyərli elmi əsərlərin yazıldığını bildirib. Qeyd edib ki, zəngin yaradıcılığı, poetik-fəlsəfi irsi ilə yanaşı, böyük Azərbaycan şairinin faciəvi qətli - edam hadisəsi və bu haqda olan mövcud tarixi qaynaqlar da daim müasir nəsimişünaslığın diqqət mərkəzindədir.

R.Hüseynov 1973-cü ildə böyük mütəfəkkirin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğunu xatırladıb. Bildirib ki, ötən əsrdə Nəsimi haqqında bədii film çəkilib, abidəsi ucaldılıb, yaradıcılığına müraciət olunub, sözlərinə çoxlu mahnılar bəstələnib, haqqında araşdırmalar aparılıb, dissertasiyalar yazılıb.

Alim qeyd ki, muzey əməkdaşları tərəfindən “Nəsimi ili”nə mühüm töhfələr verilib, ölkəmizdə və xaricdə şairin yaradıcılığına, fəlsəfəsinə həsr olunan məqalələr, eləcə də “Məkansız və zamansız Nəsimi” kitabı işıq üzü görüb. O, təqdim olunan yeni nəşrin hürufi şairin XV əsrdə, Hələb şəhərində edamı səhnəsi və bu qətldən sonra Suriyada, ona yaxın dövlətlərdə baş verən iğtişaşlara, mühüm tarixi hadisələrə işıq salan qiymətli elmi mənbə olduğunu deyib. R.Hüseynov kitaba ədibin divanının heç bir nüsxəsində təsadüf olunmayan 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeirinin daxil edildiyini vurğulayıb.

Sonra kitabın müəllifi, professor Qəzənfər Paşayev çıxış edərək hələ XVII əsrdə Hələbi ziyarət edən səyyah alim Övliya Çələbinin onu Şeyx Nəsimi adlandırması, Nəsiminin adının Hələbdə küçəyə verilməsi və s. kimi məsələlərdən danışıb, şairin həyat və yaradıcılığına yeni dəyərlər prizmasından baxmaq zərurətinin ortaya çıxdığını söyləyib. Q.Paşayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: