Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2020 18:48
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib

Yanvarın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə “Şöhrət” və akademik Vaqif Fərzəliyevə “Şərəf” ordenlərini təqdim edib.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev hesabatların AMEA-nın həyatında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, ötən ilin noyabr ayından etibarən laboratoriya və şöbələrin elmi müəssisələr, elmi müəssisələrin isə tabe olduqları bölmələr qarşısında öz hesabatlarını təqdim etdiklərini deyib. O, bu gündən başlayaraq hər bir elmi bölmənin Rəyasət Heyəti qarşısında illik hesabat verəcəyini, ilkin olaraq isə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) hesabatının müzakirə olunacağını vurğulayıb.

AMEA-nın fəaliyyətinin müasir dünya elminin çağırışları və ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən təşkili məqsədilə Akademiyada geniş islahatların aparıldığını deyən akademik R.Mehdiyev Azərbaycan elminin inkişafında xüsusi rolu olan FRTEB-nin elmi müəssisələrinin də üzərinə xüsusi vəzifələrin düşdüyünü diqqətə çatdırıb. Alim hazırda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası istiqamətində mühüm işlərin görüldüyünü, proqramda rəhbərlik etdiyi qurumun yeni mərhələdə inkişafına dair bir sıra vəzifə və prioritetlərin müəyyənləşdirildiyini bildirib. 

Daha sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev məruzə edib. Alim bölmənin elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublikası Prezidenti, Nazirlər Kabineti, AMEA-nın Ümumi yığıncağı, Rəyasət Heyətinin qərarları, eləcə də Akademiyanın prezidentinin sərəncamlarının icrasına xüsusi diqqət yetirildiyini qeyd edib. O, hesabat ilində bölmə müəssisələrinin ölkə başçısı tərəfindən təsdiq olunmuş 9 Dövlət Proqramının icrasında yaxından iştirak etdiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş prioritet istiqamətlərə uyğun həyata keçirildiyini və bir sıra mühüm elmi nəticələrin əldə edildiyini bildirib.

Akademik R.Əliquliyev 2019-cu ildə FRTEB üzrə çap edilmiş elmi əsərlərin ümumi sayının 1979 olduğunu, alimlərin 1105 məqaləsinin dərc olunduğunu, onlardan 480-nin “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt-faktorlu jurnallarda yer aldığını qeyd edib. O, bölmə üzrə alimlərin əsərlərinə 12066 istinad olunduğunu söyləyib. Bildirib ki, ilk dəfə olaraq bu il alimlərimizin məqaləsi impakt-faktoru 40-dan artıq olan məşhur “Nature” jurnalında dərc olunub. “Clarivate Analytics” şirkətinin təhlilinə əsasən, bölmənin elmi istiqamətləri üzrə dərc olunan məqalələrin sayına görə 2019-cu ildə Azərbaycan regionda 1-ci yerdə qərarlaşıb.

Məruzəçi e-elmin şəbəkə platforması olan “AzScienceNet” Elm Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılması və Hostinq xidmətlərinin dəstəklənməsi, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə əlaqədar işlərin davam etdirildiyini deyib.

R.Əliquliyev bölmənin elmi müəssisələri tərəfindən 9 beynəlxalq və 4 respublika səviyyəli konfransın keçirildiyini, 10 elmi jurnalın nəşr olunduğunu, Azərbaycan və ingilis dillərində nəşr edilmiş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin çap olunduğunu bildirib.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdə akademiklər İbrahim QuliyevTelman ƏliyevFikrət ƏliyevAdil QəribovCavad AbdinovNazim Məmmədov, AMEA-nın müxbir üzvləri Əminağa SadıqovVaqif QuliyevMisir MərdanovNamiq CəlilovOktay Qasımov və Oqtay Səmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda akademik Ramiz Mehdiyev hesabata dair çıxış edib. AMEA-nın rəhbəri bölmənin növbəti mərhələ üçün vəzifə və tapşırıqları müəyyənləşdirilərkən, ölkə Prezidenti cənab İlham Əliyevin Akademiya qarşısında irəli sürdüyü tapşırıqlar, dövlət proqramları və strategiyalar, həmçinin “AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”nın müvafiq müddəalarının nəzərə alınmasının vacibliyindən danışıb. Bölməyə daxil olan hər bir institutun dövlətin maraqlarından irəli gələn məsələlərin həllinə öz töhfəsini verməsi, dövlətin elmi-texniki layihələrinin ekspertizası prosesində fəal iştirak etməsi, o cümlədən intellektual potensialın bu istiqamətə yönləndirilməsinin zəruri olduğunu bildirib.

R.Mehdiyevin sözlərinə görə, FRTEB ölkə iqtisadiyyatında yüksək texnologiyalara əsaslanan elmtutumlu məhsulların və xidmətlərin rolunun artırılması, eləcə də biliklər iqtisadiyyatının formalaşdırılması sahəsində irəlidə olmalı, fizika-riyaziyyat və texnika elmləri digər elm sahələrinin də lokomotivinə çevrilməli, texnoloji nailiyyətlərin respublikaya transferində fəal iştirak etməlidir.

AMEA-nın rəhbəri  bildirib ki, büdcədənkənar əlavə vəsaitlərin əldə olunması üçün tətbiqi tədqiqatlara xüsusi əhəmiyyət verilməli, qrantlarla iş sahəsində fəaliyyət gücləndirilməlidir. Bununla yanaşı, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, qabaqcıl elmi mərkəzlərlə birgə tədqiqat işlərinin aparılmasına və meqalayihələrdə iştirak kimi məsələlərə xüsusi yanaşılmalıdır. Hesabatda səsləndirilən təkliflər, o cümlədən problem şuralarının yenidən formalaşdırılması, elmi müəssisələrin maddi-texniki bazasının modernləşdirilməsi və digər aktual məsələlər nəzərə alınmalı, bölmənin fəaliyyəti yeni prioritetlər və prinsiplər üzərində qurulmalıdır.

Daha sonra hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində əldə olunan mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: