Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı olub
21.01.2020 14:00
  • A-
  • A
  • A+

“Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq şifahi ənənəli Azərbaycan musiqisi və rəqslərinə həsr olunmuş kitabın əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, kitabda toplanan nümunələr təkcə Şimali Azərbaycan ərazisi ilə məhdudlaşmır, həm də Cənubi Azərbaycan, Dağıstan, İraq türkmənlərinin yaşadıqları müxtəlif əraziləri əhatə edir.

M.İmanov I cildi “Təsniflər və mahnılar”, II cildi isə “Rəqslər” adlanan kitabın ərsəyə gəlməsində institutun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Nailə Rəhimbəylinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində A.Zeynallı adına Musiqi Kollecinin müəllimi, tarzən Mehman Mikayılovun, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədovun rolunu xüsusi vurğulayıb. O, bu kimi kitabların nəşrinin gələcək nəsillər üçün mənbə ola biləcəyini qeyd edib.

Sonra Folklor İnsitutunun Musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək Azərbaycan xalq musiqisinin toplanılması və nota salınmasının son əsrlərdə aktual məsələ kimi diqqət mərkəzində saxlanıldığını deyib, xalq musiqisinə, muğama ölkə rəhbərliyi, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən hər zaman qayğı göstərildiyini vurğulayıb.

Kitabın materiallarını toplayan və nota köçürən tarzən Mehman Mikayılov isə çıxışında materialları 35 illik karyerası ərzində Türkiyə, İran İslam Respublikası, Hindistan, Türkmənistan, İraq və digər ölkələrə səfərləri zamanı topladığını bildirib, kitabda toplanan xalq mahnıları, musiqilər, təsniflər və rəqslərin məhz bu təəssuratların nəticəsi əsasında ərsəyə gəldiyini bildirib.

Tədbir bədii hissə ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: