Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Xoşbəxt Yusifzadə Bakı Ali Neft Məktəbinin "Fəxri professoru" diplomuna layiq görülüb
29.01.2020 09:32
  • A-
  • A
  • A+

Akademik Xoşbəxt Yusifzadə Bakı Ali Neft Məktəbinin "Fəxri professoru" diplomuna layiq görülüb

Bakı Ali Neft Məktəbində (BANM) görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin dövlət səviyyəsində təntənəli qeyd olunduğunu və alimin "Heydər Əliyev ordeni"nə layiq görüldüyünü xatırladıb.

Daha sonra rektor Azərbaycanda neft-qaz sənayesinin inkişafı, eləcə də elm və təhsilin tərəqqisinə verdiyi töhfələrə görə X.Yusifzadəyə “Bakı Ali Neft Məktəbinin Fəxri professoru” diplomunu təqdim edib.

Mərasimdə, həmçinin AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Təhsil nazirinin müavini İdris İsayev, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Energetika nazirinin müavini Elnur Soltanov, BP şirkətinin vitse-prezidenti Qreq Rayli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digərləri çıxış edərək yubilyarı təbrik edib, onun dünya miqyasında peşəkar mütəxəssis olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində neftçi-alimin çoxşaxəli fəaliyyəti haqqında film də nümayiş olunub.

Sonda akademik X.Yusifzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: