Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.01.2020 16:14
  • A-
  • A
  • A+

"Prof. R.Mustafayev" adına medal və sertifikatın təqdimat mərasimi keçirilib

"Prof. R.Mustafayev" adına medal və sertifikatın təqdimat mərasimi keçirilib

Yanvarın 30-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş medal və sertifikatın təqdimat mərasimi keçirilib.

Tədbiri institutun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə açaraq mükafatın ildə bir dəfə erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz faktların tapılmasında səmərəli fəaliyyəti ilə seçilən alimlərə verildiyini bildirib. Qeyd edib ki, fondun idarə heyəti tərəfindən 2020-ci ildə bu mükafata Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olunması istiqamətində konkret təkliflər irəli sürdüyünə görə İsveçin Lund Universitetinin və Raoul Vallenberg İnstitutunun tədqiqatçısı, hüquq üzrə fəlsəfə doktoru Kamal Makili-Əliyev layiq görülüb.

Alimin elmi fəaliyyəti barədə məlumat verən A.Mustafazadə bildirib ki, gənc tədqiqatçı beynəlxalq hüquq, beynəlxalq təhlükəsizlik, müdafiə və münaqişələrə dair önəmli araşdırmalar aparıb. Bundan əlavə, o, K.Makili-Əliyevin AR Müdafiə Nazirliyində, eləcə də AR Konstitusiya Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışdığını xatırladıb.

A.Mustafayeva daha sonra alimə mükafatı təqdim edib. Eyni zamanda, gənc tədqiqatçı Hüquq və İnsan Haqları İnstitutunun "Fəxri professoru" adına layiq görülüb.

Mərasimdə Kamal Makili-Əliyev Dağlıq Qarabağ münaqişəsinə həsr olunan "Mübahisəli ərazilər və beynəlxalq hüquq" kitabı barədə təqdimatla çıxış edib. O, nəşrdə Dağlıq Qarabağ münaqişəsinin Aland adaları presedenti ilə həll oluna biləcəyinin qeyd olunduğunu, hər iki problemin beynəlxalq hüquq baxımından müqayisə edildiyini, ümumi və fərqli cəhətlərin göstərildiyini vurğulayıb.

Alim mükafata görə institutun və fondun rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, professor R.Mustafayev respublikada ilk siyasi elmlər doktoru olmaqla yanaşı, 1998-ci ildə yaradılan İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun təşkilatçısı və ilk direktoru olub. O, Azərbaycanda Ombudsman təsisatının yaradılması layihəsinin rəhbəri, eyni zamanda "Dirçəliş - XXI əsr" və "Возрождение - XXI век" jurnallarının qurucusu və baş redaktoru kimi də fəaliyyət göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: