Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

31.01.2020 15:52
  • A-
  • A
  • A+

Akademik Fuad Əliyevin 70 illik yubileyi qeyd olunub

Akademik Fuad Əliyevin 70 illik yubileyi qeyd olunub

Bu gün Gəncə şəhər İcra Hakimiyyətində görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Mərasimdə rayonun icra hakimiyyətinin nümayəndələri, regionun elmi-tədqiqat institutları və  ali  təhsil müəssisələrinin rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kimyaçı alimin 40 illik səmərəli elmi fəaliyyətindən danışıb. Bildirib ki, akademik F.Əliyev həyatını Azərbaycanda kimya elminin inkişafına həsr edib. O, 1983-cü ildən AMEA-nın Gəncə Bölməsinə rəhbərlik edir.

İcra başçısı qeyd edib ki, daim dövlətə və dövlətçiliyə xidmət edən F.Əliyev şəhərin ictimai-siyasi və mədəni həyatında da fəal iştirak edir. Alim Gəncə Ziyalılar Cəmiyyətinin sədri, YAP Gəncə şəhər təşkilatı sədrinin müavini kimi ictimai iş aparır. 

Daha sonra Niyazi Bayramov regionun ictimai həyatında fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə görkəmli alimə Gəncə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanını təqdim edib.

Yubiley tədbirində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Bölməsinin İşlər İdarəsinin müdiri Rasim Tağıyev və başqaları çıxış edərək F.Əliyevin elmi yaradıcılığından, yüksək insani keyfiyyətlərindən danışıb, alimi yubileyi münasibətilə təbrik ediblər. Natiqlər bildiriblər ki, F.Əliyev respublikamızın elmi ictimaiyyəti arasında tanınmış alim, bacarıqlı elm təşkilatçısı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi böyük hörmətə malikdir.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: