Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2020 18:03
  • A-
  • A
  • A+

Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib

Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib

Fevralın 19-da AMEA-da Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının ilk konfransı keçirilib.

Konfransda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, elmi müəssisələr üzrə ərazi təşkilatlarının sədrləri və digər aidiyyatı əməkdaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev bildirib ki, konfransın keçirilməsində məqsəd YAP AMEA ərazi təşkilatının İdarə Heyətinin üzvlərinin, sədr və müavinlərinin seçilməsidir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş partiyanın müstəqil dövlətimizin qurulması və möhkəmlənməsində, ölkəmizin sosial-iqtisadi inkişafında əvəzsiz rolu olduğunu deyən akademik Ramiz Mehdiyev AMEA-da da ərazi təşkilatlarının yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Alim AMEA-nın demək olar ki, bütün elmi müəssisələrində YAP ərazi partiya təşkilatlarının fəaliyyət göstərdiyini və bunun Akademiya kollektivinin ölkə başçısı İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisi olduğunu vurğulayıb.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək konfransın təşkilinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Natiq qeyd edib ki, ölkəmizdə ən qabaqcıl partiyalardan biri olan YAP 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi və tanınmış ziyalıların iştirakı ilə yaradılıb.

Tağı Əhmədov təsis olunduğu vaxt cəmi beş yüz nəfər üzvü olan partiyanın sıralarında bu gün səkkiz yüz min nəfərin cəmləşdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bir neçə il əvvəl AMEA əməkdaşlarının cəmi altı faizi YAP-ın üzvü olub. Hazırda akademiya əməkdaşlarının 21 faizi partiyanın üzvüdür. O, bu gün YAP-ın AMEA-nın regionlarda fəaliyyət göstərən qurumlarında da təmsil olunduğunu söyləyib.

Qarşıda duran işlər haqqında məlumat verən Tağı Əhmədov AMEA ilə əlaqələrin daha da genişləndiriləcəyinə, partiya üzvü olan Akademiya əməkdaşlarının sayının daha da artacağına inamını ifadə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən  akademik İsa Həbibbəyli AMEA-da YAP ərazi partiya təşkilatlarının yaradılmasına 2013-cü ildən başlanıldığını bildirib. Qeyd edib ki, həmin vaxt Akademiya əməkdaşlarının çox az hissəsi partiya üzvü olub. O, son dövrlər AMEA-da bu göstəricinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü, bir sıra elmi müəssisələrdə ərazi təşkilatlarının yaradıldığını diqqətə çatdırıb.

Akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçilməsindən sonra bu işlərin daha da sürətləndiyini deyən birinci vitse-prezident artıq bütün müəssisələrdə ərazi təşkilatlarının fəaliyyət göstərdiyini bildirib. Alim bir ay əvvəl AMEA Rəyasət Heyəti ərazi təşkilatının təsis olunduğunu və qısa müddətdə onlarla əməkdaşın partiya üzvü olmaq üçün müraciət etdiyini vurğulayıb.

O, AMEA-da YAP ərazi təşkilatının ilk konfransının keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu deyərək, bunun Akademiya kollektivinin bir araya gəlməsinə, dövlətçilik, azərbaycançılıq naminə daha səylə çalışmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə AMEA-nın elmi müəssisələri üzrə ərazi təşkilatlarının sədrləri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.

Daha sonra səsvermə yolu ilə YAP AMEA ərazi təşkilatının İdarə Heyətinin 15 nəfərdən ibarət tərkibi seçilib. Namizədlikləri irəli sürülən biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova səs çoxluğu ilə təşkilatın sədri seçilib. Fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova isə sədr müavinləri seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: