Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

24.02.2020 16:41
  • A-
  • A
  • A+

Muzeyin Aran regional filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Muzeyin Aran regional filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 24-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Atakişili kənd tam orta məktəbi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə muzeyin Aran regional filialının müdiri, fil.ü.f.d. Yaqut Bahadurqızı açıb. O, xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verərək, erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda törədilən faciə nəticədə minlərlə sakinin qətlə yetirilməsi, yaralanması və əsir götürülməsindən bəhs edib. Qeyd edib ki, bu soyqırımı hadisəsinə siyasi qiymət ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra verilib.

Daha sonra Kürdəmir rayon Atakişili kənd tam orta məktəbin direktoru Aytən Əkbərova çıxış edərək şagirdləri xalqın qan yaddaşı olan Xocalı soyqırımını, eləcə də işğal olunmuş digər torpaqlarımızda törədilmiş qanlı cinayətləri unutmamağa səsləyib. Məktəb direktoru gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xalqımızın başına gətirilmiş faciələrlə bağlı maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu söyləyib.

Mərasimdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx təqdim olunub, Atakişili kənd tam orta məktəbinin şagirdləri soyqırıma həsr olunmuş şeirlər səsləndirib, çıxışlar ediblər.

Tədbir çərçivəsində, həmçinin şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: