Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2020 16:28
  • A-
  • A
  • A+

“Erməni vandalizminin acı üzü: Xocalı faciəsi” mövzusunda elmi konfrans keçirilib

“Erməni vandalizminin acı üzü: Xocalı faciəsi” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Erməni vandalizminin acı üzü: Xocalı faciəsi” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək xüsusi və ağlasığmaz qəddarlıqla törədilmiş bu soyqırımı aktının Ermənistanın Azərbaycana qarşı hərbi işğal və etnik təmizləmə siyasətinə xidmət etdiyini bildirib: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinə hücum edildi, şəhər yerlə-yeksan olundu. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi".

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışan İsmayıl Hacıyev bildirib ki, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ulu öndərin təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunur.

Alim qeyd edib ki, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə yürütdüyü siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası bu işdə xüsusi rol oynayır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

İsmayıl Hacıyev ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində alim və ziyalıların da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Konfransda, həmçinin bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Asəf Orucovun “Xocalı faciəsinə gedən yol”, Emin Şıxəliyevin “Xocalı faciəsinin törədilməsində erməni terror təşkilatlarının fəaliyyəti” və institutun kiçik elmi işçisi Sevinc Babayevanın “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: