www.science.az
09.04.2020 14:33

İsveç tədqiqatçıları infeksiyanın qarşısını ala bilən nanoplastinkalar hazırlayıb

Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) məlumatına əsasən, hər il Avropada dörd milyondan çox insan tibbi prosedurlar zamanı aldığı infeksiyalardan əziyyət çəkir. Bu infeksiyaların çoxu tibbi cihazların və insan bədənindəki implantların, o cümlədən kateterlərin, omba və diz protezlərinin ətrafında inkişaf edən bakterial infeksiyalardır.

İsveçin Çalmers Texnologiya Universitetinin mütəxəssislərinin hazırladığı qrafit nanoplastinkalar plastik tibbi səthlərdəki bakteriyaların 99,99 %-ni məhv etməklə infeksiyaya yoluxmanın qarşısını ala bilir. Bu, böyük vaxt itkisinə və xərcə səbəb olan, milyonlarla insanı əhatə edən problemin ucuz və səmərəli həlli ola bilər.

hightech.plus saytının məlumatına görə, bu barədə tədqiqatçıların “Small” jurnalında dərc olunmuş məqaləsində məlumat verilir.

İmplantların səthindəki bakterial infeksiyanın qarşısını alan nanoplastinkalar insanın sağlam hüceyrələrinə zərər vurmur. İnsan hüceyrələri bakteriyalardan təxminən 25 dəfə böyük olduğuna görə, qrafit nanohissəciklər parçalanaraq bakteriyaları məhv etsə də, insan hüceyrəsini çətinliklə cıza bilir.