www.science.az
20.04.2020 15:47

Əlyazmalar İnstitutunun əməkdaşı yeni inşa edilmiş məscidin bədii tərtibatını həyata keçirir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov növbədənkənar məzuniyyətini sosial təcrid şərtlərinə riayət etməklə Göyçay rayonunun Qarabaqqal kəndində yeni məscidin bədii tərtibat işlərini görərək davam etdirir.

Z.Orucov karantin dövründə həmin tikilidə Azərbaycanın milli-tarixi bəzəklərindən və hüsnxət sənətinin gözəl nümunələrindən istifadə etməklə nəfis bir əsər ərsəyə gətirib. Burada nəbati elementlərdən və Azərbaycan nəqqaşlıq məktəbinin rəng çalarlarından istifadə edilərək bəzək kompozisiyası qurulub, məscidin gümbəzinin baş hissəsi milli ornamentimiz olan səkkizguşəli ulduz şəklində süslənib, ətək hissəsində isə nəbati naxışlar arasında sülüs yazı xətti ilə Quranın “Nur” surəsinin 35-ci ayəsi çevrələnmiş şəkildə yazılıb. Məscidin divarları Nəbati-kufi (Məğribi-kufi) xətti ilə “Hədid” surəsinin 4-cü və 5-ci ayələri ilə bəzədilib.

Məscidin bədii tərtibat işlərinin növbədənkənar məzuniyyət müddətində başa çatdırılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.