www.science.az
21.04.2020 11:50

Akademik Mikayıl Useynovun anadan olmasından 115 il ötür

Aprelin 19-da dünya şöhrətli memar, SSRİ Xalq memarı, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 təsisçisindən biri olan akademik Mikayıl Useynovun anadan olmasından 115 il ötür.

Mikayıl Ələsgər oğlu Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1929-cu ildə Azərbaycan Politexnik İnstitutunu “Memarlıq” ixtisası üzrə bitirmişdir. 1930-1959-cu illərdə memar, sonradan isə “Azərdövlətmemarlayihə”də 1-ci memarlıq emalatxanasının rəhbəri olmuşdur. Alim 1960-1990-cı illərdə “Azərdövlətlayihə”də məsləhətçi işləmişdir. 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur.

O, 1942-ci ildə professor elmi adına layiq görülmüş, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 təsisçisindən biri olaraq həqiqi üzv seçilmişdir.

M.Useynov XX əsr Azərbaycan peşəkar memarlıq məktəbinin banilərindən biridir. Onun yaradıcılığı, ötən əsr Azərbaycan memarlığının inkişafına həlledici təsir göstərmişdir. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək akademik Sadıq Dadaşovla birgə yazmışdır. Onun 200-dən çox layihəsi həyata keçirilmişdir. Görkəmli memarın layihələri üzrə yaşayış, inzibati, mehmanxana, nəqliyyat və s. binalar Bakı, Moskva, Düşənbə, Sumqayıt, Gəncə və Azərbaycanın digər şəhərlərində tikilmişdir.

Onun Bakıda tikilmiş Nazirlər Kabineti binası, Azərbaycan Dövlət Konservatoriyası, Respublika Dövlət Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyası binaları kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, bir sıra metropoliten stansiyaları, şəhərin ən iri mehmanxana-restoran kompleksləri və başqa tikililəri Azərbaycanın paytaxtını indi də bəzəməkdədir.

Görkəmli memar, eyni zamanda, elmi, pedaqoji və ictimai fəaliyyətlə də məşğul olmuşdur. O, bir neçə dəfə Azərbaycan Respublikası Parlamentinin üzvü seçilmişdir. M.Useynov 40 ilə yaxın (1948-1988) Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna və Azərbaycan Memarlar İttifaqına (1947-ci ildən) rəhbərlik etmişdir.

Akademik M.Useynov 100-dən artıq elmi əsərin müəllifidir. Onun “Azərbaycan memarlıq tarixi” (1963) adlı fundamental elmi əsəri milli memarlıq elmi məktəbinin təməlini qoymuşdur. Onun rəhbərliyi altında onlarla dissertasiya işi müdafiə olunmuş, milli memarlıq elminin kadr potensialı formalaşmışdır.

1992-ci ildə alimin təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılmış və ilk prezidenti Mikayıl Useynov olmuşdur.

Onun yaradıcılığı təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də nüfuz qazanmışdır. M.Useynov Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, İranın Müasir Memarlıq Daimi Konqresinin vitse-prezidenti və başqa nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuşdur. 1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilmişdir.

M.Useynov  1970-ci ildə SSRİ Xalq memarı fəxri adına, 1982-ci ildə Bakı şəhərinin Fəxri vətəndaşı adına layiq görülmüşdür.

O, 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş və I Fəxri xiyabanda dəfn edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.