www.science.az
21.04.2020 13:39

Norveçdə vikinqlər dövrünün artefaktları aşkar edilib

Arxeoloqlar Norveçdə yerləşən Lendbrin buzlağının yaxınlığında iqlim dəyişikliyi və buzların əriməsi nəticəsində üzə çıxan minə yaxın artefakt aşkar ediblər. “Antiquity” adlı jurnalda dərc olunmuş məqalədə bildirilir ki, bu artefaktlar vikinqlər dövründə dağ aşırımının geniş istifadə olunduğuna işarə edir.

Məqalədə qeyd olunur ki, buzların əriməsi nəticəsində üzə çıxan artefaktlar bu ərazilərin eramızın 300-1500-cü illərində istifadə olunduğunu sübut edir. Maksimal fəallıq təxminən 1000-ci illərdə, yəni vikinq dövründə müşahidə olunub. Bu dövr Şimali Avropada yüksək mobillik, siyasi mərkəzləşmə, ticarət əlaqələrinin genişlənməsi və urbanizasiya dövrüdür.

ria.ru saytının məlumatına görə, 2011-ci ildə buzlaqda köynək tapıldıqdan sonra bu ərazidə təxminən 800 artefakt, 150 sümük və maral buynuzu, 100-dən artıq daş qalıqları və daş tikililərinin özülləri aşkar edilib. Arxeoloqlar burada “xizək qırıqları”, əl ağacları, nal, həmçinin gündəlik məişət əşyaları, dəri və tekstil məmulatlarının qalıqlarını tapıb.

Mütəxəssislər vurğulayırlar ki, ərazidə aşkarlanan olduqca zəngin arxeoloji materiallar uzun müddət mövcud olmuş bir prosesin – mal-qaranın müəyyən fəsillərdə dağ ərazilərinə köçürülməsi sisteminin illüstrasiyasıdır.

Qeyd edək ki, bu tapıntılar dağ aşırımlarının öyrənilməsinə kömək edəcək.