www.science.az
03.06.2020 09:23

“Azərbaycan ədəbiyyatında alleqoriya” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan ədəbiyyatında alleqoriya” (Məcazdan həqiqətə) adlı monoqrafiya nəşr olunub.

Əsərin müəllifi Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya elmləri doktoru Lalə Əlizadədir. Elmi məsləhətçi və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Fəridə Əzizova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudovadır. Akademik Möhsün Nağısoylu, filologiya elmləri doktorları Mahirə QuliyevaPaşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə kitabın rəyçiləridir.

Monoqrafiyada XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında alleqoriyanın rolu, inkişaf yolları tədqiq olunub. Anadilli və farsdilli poeziyadan gətirilən ədəbi nümunələr əsasında aparılan tədqiqat işində Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığında alleqoriya sənətinin araşdırılmasına xüsusi yer ayrılıb.

Kitabda irfan-fəlsəfi-bədii istiqamətində, təsəvvüf dünyagörüşündə və hürufi poeziyasında alleqoriyanın mövqeyini təhlil edən ayrı-ayrı bölmələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.