Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutunun alimləri beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış ediblər
06.07.2020 10:44
  • A-
  • A
  • A+

Folklor İnstitutunun alimləri beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış ediblər

AMEA-nın Folklor İnstitutunun alimləri Türkiyədə onlayn təşkil edilmiş Dədə Qorqud Beynəlxalq Elmi Simpoziumunda iştirak ediblər.

Simpozium Türkiyənin Süleyman Dəmirəl Universitetinin Ədəbiyyat fakültəsinin “Sosial elmlər” jurnalı və AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsi və “Dədə Qorqud” elmi-ədəbi jurnalının birgə təşkilatçılığı ilə baş tutub.

Türk dünyasının tanınmış alimlərinin qatıldığı beynəlxalq onlayn tədbirdə Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, professor Ramazan Qafarlı “Dədə Qorqud” eposunun yeni əlyazmasının funksional struktur tipologiyası”, folklor tədqiqatçısı İlkin Elsevər “Kitabi-Dədə Qorqud” eposunda ov törəni” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə 2019-cu ilin əvvəllərində “Dədə Qorqud” eposunun İranda aşkarlanan yeni əlyazmasının janrı, məlum Drezden və Vatikan nüsxələri ilə bağlılığı barədə müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy əlyazmanın dastanın üçüncü nüsxəsi olması fikrinin düzgün olmadığını və nüsxənin birbaşa yazılı “Kitabi-Dədə Qorqud” dastanının deyil, məhz şifahi “Dədə Qorqud” eposunun türkman/türkmən epoxasındakı davamı olduğunu bildirib.

Beynəlxalq elmi simpoziumda ümumilikdə 44 məruzə dinlənilib.

Sonda Vəli Məhəmməd Xoca tərəfindən tapılan əlyazmanın mətninin mövcud olan “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi deyil, ayrı bir “Dədə Qorqud” əlyazması olması məsələsinə aydınlıq gətirilib, nüsxənin Türkmən Sahra və ya Günbədkavus adlandırılması təklif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: