Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.08.2020 12:10
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr müzakirə olunub

Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsində Naxçıvan Bölməsinin əməkdaşlarının qarşısında vəzifələr qoyduğunu deyib. Bildirib ki, bölmə əməkdaşları naxçıvanşünaslığın tədqiqi ilə bağlı elmi araşdırmaları davam etdirməli, elmi yeniliklərin və innovativ layihələrin istehsalatda tədqiqini həyata keçirməli, Ali Məclis Sədri yanında Elmin İnkişafı Fondu ilə birgə “Elm festivalı”nın yüksək səviyyədə təşkilini təmin etməlidirlər. Həmçinin bölmə Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirməli, tanınmış elmi qurumlarla əlaqələri genişləndirməlidir.

Sonra İsmayıl Hacıyev müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlar və elmi-təşkilati işlərdə əldə edən bir sıra nailiyyətləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Bölməsi bu və ya digər məsələlərlə bağlı ölkə başçısının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə çalışıb. Ötən dövrdə bölmənin Rəyasət Heyətinin müxtəlif məsələlərlə bağlı 58 qərar və 4 sərəncamının qəbul edildiyini söyləyib. Vurğulayıb ki, tədqiqat dövründə qurumun əməkdaşlarının 7 monoqrafiyası, 5 kitabı, bir metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı, 3 tezisi olmaqla, ümumilikdə 360 elmi əsəri çap olunub, bir xəritə tərtib edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 52 məqalə, 47 konfrans materialı xaricidə nəşr olunub. Məqalələrin 3-ü Clarivate Analytics-də (Thomson Reuters), 10-u impakt faktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 213-ü beynəlxalq nüfuzlu elmi jurnallarda işıq üzü görüb.

Hesabat dövründə 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələr qurulub, səmərəli əməkdaşlıq edilib. Bölmə əməkdaşları respublika və xaricdə keçirilən 12 beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər.

Bundan əlavə, bölmədə yerinə yetirilən 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir.

Bu dövrdə 2 seriya üzrə “Elmi əsərlər” jurnalının iki, “Axtarışlar” jurnalının bir nömrəsi çapdan çıxıb, ikinci nömrəsi isə çapa hazırlanıb.

Eyni zamanda, bölmədə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərslər keçirilib. Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələlər təşkil edilib. O cümlədən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərin fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilən şagirdləri bölmə alimlərinin rəhbərliyi ilə müxtəlif layihələrdə iştirak edib, diplom və medallar qazanıblar.

İsmayıl Hacıyev istehsal yönümlü tədqiqatlar və onların nəticəsindən də danışaraq bildirib ki, bölmə əməkdaşları tərəfindən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində işlər isə davam etdirilir. Həmçinin bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq 120 litrə qədər gülab istehsal edilib.

Daha sonra İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası ərazisində “İlandağ” geoparkının yaradılması ilə bağlı görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Naxçıvan Bölməsi və digər məsul qurumların mütəxəssislərindən ibarət yaradılan İşçi Qrupu tərəfindən layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb. Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb, bu istiqamətə işlər davam etdirilir.

Bölmə sədri bildirib ki, bundan sonra da üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışmalı, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməliyik.

Tədbirdə çox illik səmərəli еlmi fəаliyyətlərinə və 70 illik yubileylərinə görə, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevBioresurslar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov bölmənin Fəxri fərmanı ilə təltif ediliblər.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: