Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib
22.09.2020 18:38
  • A-
  • A
  • A+

Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

Sentyabrın 22-də pandemiya dövrünün tələbləri nəzərə alınmaqla və sosial məsafənin gözlənilməsi ilə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının cari ildə növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli və Elmi şuranın üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. 

Ölkə Prezidenti cənab İlham Əliyevin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 18 avqust 2020-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışan akademik İsa Həbibbəyli bölmənin elmi-tədqiqat müəssisələrində xalq artisti, görkəmli kinodramaturq, kinorejissor Həsən Seyidbəylinin həyat və yaradıcılığına həsr edilən elmi sessiyaların təşkil olunması və kütləvi informasiya vasitələrində tədqiqatçıların məqalələrlə çıxış etməsi barədə müvafiq qərar qəbul olunduğunu bildirib.

İclasda, həmçinin pandemiya dövründə müvəqqəti olaraq Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrində aparılan müsabiqə xarakterli kadr dəyişikliklərinin açıq səsvermə yolu ilə keçirilməsi qərara alınıb. Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədova Fəlsəfə İnstitutunun Estetika şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Fikrət Nəbiyev isə həmin müəssisənin Məntiq şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiqləniblər.

Daha sonra tədbirdə elmi-təşkilati və cari məsələlərə baxılıb. AMEA-nın müxbir üzvləri Rəna Məmmədova və Tehran Mustafayevə akademiyanın Fəxri fərmanı, professorlar Tahirə Məmməd və Sayalı Sadıqovaya isə 60 illik yubileyləri münasibətilə Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı təqdim olunub.

İclasda AMEA Fəlsəfə İnstitutunun 75 illik, həmçinin akademik Nailə Vəlixanlının 80, akademik Firudin Köçərli və AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun 100, akademik İsmayıl Hüseynovun, AMEA-nın müxbir üzvləri Bəhmən Axundov və Zülfəli İbrahimovun 110 illik yubileyləri ilə bağlı elmi müəssisələrdə tədbirlərin keçirilməsinə dair müvafiq təkliflərin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonda akademik İsa Həbibbəyli cari ildə 8 dildə Azərbaycan dilinin Milli Transliterasiya Sisteminin yaradılması və təqdimat mərasiminin keçirilməsini, eləcə də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap prosesində olmasını əlamətdar hadisə kimi dəyərləndirib, o cümlədən “Azərbaycan dilinin milli orfoepiya lüğəti”nin hazırlanması üçün AMEA-da İşçi qrupunun yaradıldığını və bu istiqamətdə müvafiq iş aparıldığını diqqətə çatdırıb.

İclasda Azərbaycan tarixində, ədəbiyyat və mədəniyyətimizin inkişafında böyük rolu olmuş tarixi şəxsiyyətlərimizin, ədəbiyyat və mədəniyyət xadimlərimizin həyatının və çoxcəhətli fəaliyyətinin azərbaycançılıq ideyası əsasında əsaslı şəkildə tədqiq edilib öyrənilməsi, bu mövzuda monoqrafiyaların, xarici dillərdə tanıtma kitablarının hazırlanıb nəşr edilməsi məsələləri müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: