www.science.az
22.05.2015 12:38

AMEA ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər Universitetində olub. Əsas məqsəd universitet ilə tanışlıq və bu iki elm ocağı arasında əməkdaşlıq münasibətlərinin müzakirəsi idi. Görüşdə AMEA-nın vitse-prezidentləri, bölmələrin akademik-katibləri, eləcə də Akademiyanın İşlər İdarəsinin rəhbəri Fətəli Abdullayev iştirak edib.

Öncə çıxış edən Azərbaycanın ilk özəl ali təhsil ocağı olan Xəzər Universitetinin təsisçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı qonaqları salamlayaraq keçirilən görüşün əhəmiyyətini önə çəkib. O, rəhbərlik etdiyi universitetin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, tədris proqramları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Sonra Xəzər Universitetinin prorektoru pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan İsaxanlı AMEA-dan olan nümayəndə heyətinə Xəzər Universitetinin nəzdindəki mərkəzlərin fəaliyyəti, onların həyata keçirdiyi beynəlxalq layihə və proqramlar, o cümlədən burada elmin prioritet istiqamətlərində aparılan tədqiqatları əks etdirən məruzəni təqdim edib. Universitetin tədris korpusları, nəşriyyatı, kitabxanası, elmi-tədris laboratoriyaları və muzeyləri, elmi-kütləvi jurnalları ilə bağlı ətraflı məlumatları nəzərə çatdırıb.

Daha sonra iki qurum arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elmi müəssisələrlə ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək və yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyan Memorandumu akademik A.Əlizadə və professor H.İsaxanlı imzalayıblar.

Sənəddə elmin müvafiq sahələri üzrə birgə tədqiqatların aparılması, elmi nəticələrin tədris prosesinə tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədrisin keyfiyyətini yüksəltmək və tədris prosesinin təşkili sahəsində müəllim, doktorant, magistr və elmi işçilər, habelə təcrübə, tədqiqat materialları və informasiya mübadiləsinin aparılması kimi məsələlər öz əksini tapır. Əməkdaşlıq çərçivəsində, həmçinin gənc alimlər və müəllimlərin dünyanın nüfuzlu elmi mərkəzlərində təcrübə keçməsinin təşkil edilməsi, respublika üçün əhəmiyyətli olan tətbiqi ixtisaslar üzrə elmi biliklərə yiyələnmiş kadrların hazırlanması və s. nəzərdə tutulur.

Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə son zamanlar Akademiyada həyata keçirilən islahatlardan, innovativ layihələrdən danışıb. İki elmi qurum arasında qurulan bu əməkdaşlığın böyük tarixi əhəmiyyətə malik olduğunu, imzalanan sənədin elmin uğurlu gələcəyini formalaşdırmaq baxımından mühüm nailiyyət olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli elm və təhsilin vəhdətini nəzərdə tutan müqavilənin daha mühüm nailiyyətlərin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib. O, Xəzər Universitetinin yüksək səviyyəli ali məktəb kimi dünyanın nüfuzlu elm ocaqları, qabaqcıl ali təhsil müəssisələri ilə qurulan əlaqələrini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə, həmçinin elmi əməkdaşlığın bundan sonra da davamlı olmasının vacibliyi vurğulanıb, birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda kollektivlə xatirə fotosu çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir