www.science.az
04.06.2015 15:48

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konfransı keçirilib

İyunun 4-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində  bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konfransı keçirilib.

Öncə muzeyin foyesində görkəmli ədibin həyat və yaradıcılığına həsr olunmuş 10 lövhədən ibarət sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından olan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından söz açıb. Bildirib ki, sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.

Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı Bəxtiyar Vahabzadənin yaradıcılığını öyrənmək zərurətindən danışan R.Hüseynov azərbaycançılıq fəlsəfəsinin mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilmiş dahi Bəxtiyar Vahabzadənin də daim yaşayacağını vurğulayıb.

Muzeyin direktoru konfransın materiallarının kitab şəklində çap olunaraq şairin yaradıcılığının tədqiq olunması üçün elmi müəssisələrə təqdim olunacağını diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, xalq şairi Bəxtiyar Vahabzadə həm bədii yaradıcılığı, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin formalaşması sahəsində müstəsna xidmətlər göstərib. Böyük istiqlal şairinin adı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında ehtiramla anılır, ardıcıl olaraq onun yaradıcılığına həsr olunmuş müxtəlif məzmunlu tədbirlər keçirilir.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.

Diqqətə çatdırılıb ki, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Daha sonra professor Tahirə Məmmədin “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünalığının Atatürkə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Təranə Rəhimlinin “1960-70-ci illər Azərbaycan nəsrində insan konsepsiyası və ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun “Müasir dramaturji mühitin janr tələbləri. Tragikomediya” mövzusunda məruzələri dinlənilib.

Tədbir öz işini “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrin keçmişi və bugünü”, “Masir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemi” bölmələri üzrə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir