Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.06.2015 23:48
  • A-
  • A
  • A+

AMEA elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirildi

AMEA elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirildi

İyunun 17-də AMEA-nın Əsas binasında akademiyanın elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirildi. İclasda AMEA prezidenti, vitse-prezidentlər, elmi bölmələrin akademik-katibləri, AMEA-nın elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbə rəisləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, Direktorlar Şurasının sədri, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verdi, AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar görülən işləri diqqətə çatdırdı. AMEA rəhbəri xatırlatdı ki, AR Prezidenti İlham Əliyev Azərbaycan xalqının ictimai fikir tarixində və sosial-ictimai tərəqqisində mühüm rol oynamış Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, sərəncamın icrası məqsədilə AR Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Tədbirlər planı”nı təsdiq etmişdir. Planda yubileyə hazırlıqla əlaqədar əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, həmçinin bir sıra kitabların nəşr olunması nəzərdə tutulmuş, AMEA Rəyasət Heyətinin sərəncamı ilə Redaksiya Heyəti və İşçi qrupu yaradılmışdır.

Sonra İşçi qrupunun sədr müavini, akademik Vaqif Fərzəliyev çıxış edərək AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin hazırlanma vəziyyəti haqqında məlumat verdi.

Bildirdi ki, yubiley tədbirləri çərçivəsində akademiyanın tarixi və strukturunu əks etdirən AMEA-nın məlumat kitabı (prospekti) hazırlanır. Akademiya haqqında hazırlanan kitabda isə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin fotoşəkli, Rəyasət Heyətinin fotoşəkli, AMEA-nın prezidentinin akademiyanın yaranma tarixi haqqında qısa həcmli məqaləsi, bölmələr üzrə akademiyanın strukturu, institutların elmi istiqamətləri haqqında yığcam məlumatlar, fotolar və digər məlumat xarakterli materiallar öz əksini tapacaq. Daha sonra kitabda institutların mərhum və hazırda fəaliyyətdə olan alimlərinin yüksək təltifləri, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, SSRİ Dövlət Mükafatı laureatları, Azərbaycan SSR və Azərbaycan Respublikası Dövlət Mükafatı laureatlarının siyahısı təqdim ediləcək. Akademik qeyd etdi ki, məlumat kitabında, həmçinin Akademiyanın innovativ işləri barədə qısa məlumatlar öz əksini tapacaq.

Tədbirdə akademiyanın elmi bölmələrinin akademik-katiblərinə müvafiq nəşrlərlə bağlı işlərin sürətləndirilməsi tapşırıldı.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 70 illik yubileyinə həsr olunmuş, akademiyanın keçdiyi inkişaf yolundan bəhs edən “Azərbaycanın elm məbədi” adlı sənədli filmin çəkilişlərinin davam etdiyini nəzərə çatdırdı. Filmdə indiyədək elmi ictimaiyyətə məlum olmayan AMEA haqqında nadir arxiv materiallarından istifadə olunduğunu önə çəkdi.

Son zamanlar AMEA-da elm və təhsil sahəsində mühüm tədbirlərin görüldüyünü və vacib qərarların qəbul edildiyini qeyd edən Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov təhsil prosesinin təkmilləşdirilməsi ilə əlaqədar əsaslı islahatlar aparıldığını vurğuladı. Bildirdi ki, AMEA-da təhsilin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən biri də doktoranturaya qəbul və doktorluq imtahanlarının yeni tələblər əsasında keçirilməsidir.

Onun sözlərinə görə, imtahanların yeni tələblər əsasında keçirilməsi bu istiqamətdə mövcud problemlərin aradan qaldırılmasına, imtahanlarda şəffaflığın təmin olunmasına, xarici dil biliklərinin yüksəldilməsinə və elmi məqalələrin dərc edilməsi zamanı doktorant və dissertantların üzləşdikləri problemlərlə bağlı məsələlərin həll olunmasına şərait yaradacaq.

İclasda, həmçinin təsərrüfat müqavilələri əsasında büdcədənkənar vəsaitlər hesabına elmi-tədqiqat işlərinin həyata keçirilməsi, Rəyasət Heyətinin maliyyələşdirdiyi proqramların yerinə yetirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

Sonda çıxışlar ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: