Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2017 11:48
  • A-
  • A
  • A+

“İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar” mövzusunda beynəlxalq konfrans keçirilir

“İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Aprelin 3-də Şəki şəhərində “İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar” mövzusunda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) VIII beynəlxalq konfransı öz işinə başlayıb.

AMEA və bu qurumun Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Rumıniya, Bolqarıstan, Çin və Tailanddan olan nümayəndələr, dünyada ipəkçiliklə məşğul olan aparıcı ölkələrin alim və mütəxəssisləri, tanınmış şirkətlərin rəhbərləri və KİV nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə BACSA təşkilatının Azərbaycan üzrə koordinatoru, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü açaraq, dünyanın müxtəlif ölkələrindən olan ipəkçi alim və mütəxəssisləri salamlayıb, onları Şəkidə görməkdən məmnun olduğunu bildirib. Alim BACSA haqqında məlumat verərək Azərbaycan Respublikasının da daxil olduğu Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiyada Böyük İpək Yolu üzərində yerləşən dövlətlərin İpəkçilik üzrə Assosiasiyası olan bu təşkilatın 2005-ci ildə yaradıldığını diqqətə çatdırıb.

Y.Şükürlü konfransın aqrar istiqamətin prioritet sahəsi olan və regionların sosial-iqtisadi inkişafında önəmli yer tutan ipəkçiliyin gələcək inkişafı istiqamətində əhəmiyyətli tədbirlərdən biri olduğunu qeyd edib. Bildirib ki, konfrans çərçivəsində dünyada ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı aktual elmi mövzulara dair məruzələr dinləniləcək, son illər ipəkçilik sənayesi və barama istehsalı ilə bağlı problemlər müzakirə olunacaq və onların həlli yolları araşdırılacaq.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Şəki şəhərinin əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlanıldığı bir diyar olduğunu söyləyib. Bildirib ki, ipəkçiliyin qədim və mühüm təsərrüfat sahəsi olduğunu Şəkidə aparılan arxeoloji qazıntılar da təsdiq etmişdir.

Diqqətə çatdırılıb ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə ötən əsrin 80-ci illərində bu sahədə yüksək nailiyyətlər əldə edilib. Həmin illərdə rayonda bar verən toxmaçar bağlarının sahəsi 1300 hektara çatdırılmış, 400 tona yaxın barama istehsal olunmuşdu. Həmin dövrdə Şəkidə yaradılan İpək kombinatında 7 minə yaxın işçi çalışırdı. Rayonun kəndlərində isə 10 minə yaxın kümçü barama yetişdirilməsi ilə məşğul olurdu.

H.Həsənov ipəkçiliklə bağlı ilk beynəlxalq konfransın məhz ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, tədbirin təşkilində xüsusi rolu olan BACSA təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib. İpəkçilik sahəsində daha sürətli inkişafa nail olmaq üçün dünya ölkələri təcrübəsi və nailiyyətlərinin öyrənilməsinin vacib olduğunu deyib.

Sonra AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək Prezident İlham Əliyevin ipəkçiliyin inkişafına hər zaman xüsusi diqqət göstərdiyini, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı Sərəncamlar imzaladığını qeyd edib. Konfransın əhəmiyyətini vurğulayan alim burada muzakirə olunacaq məsələlərin mühüm nəticələrin əldə olunmasına, yeni elmi istiqamətlərin meydana gəlməsinə imkan yaradacağına əminliyini ifadə edib.

Dünyada ipəkçiliklə bağlı aparılan tədqiqatlar barədə məlumat verən məruzəçi bu sahədə xüsusilə genom səviyyədə araşdırmaların vüsət aldığını söyləyib. Azərbaycanda ipəkçiliyin innovativ şəkildə inkişafının AMEA qarşısında duran əsas hədəflərdən olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə ipəkçiliyin inkişafı yeni iş yerlərinin açılmasına, Azərbaycan hökumətinin dividendlər qazanmasına gətirib çıxaracaq.

İpəkçiliyin ölkəmizdə 1500 illik tarixə və zəngin ənənələrə malik olduğunu vurğulayan F.Qədirov Azərbaycan ipəyinin dünya bazarında İtaliya və Yaponiya ipəyi ilə bərabər qiymətləndirildiyini diqqətə çatdırıb.                 

“Bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycanda olduqca əlverişli təbii, iqtisadi və aqroekoloji şərait vardır”, – deyən məruzəçi bildirib ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş İpəkçiliyin İnkişaf Konsepsiyasında ipəkçiliyin innovativ yanaşmalar və yeni mütərəqqi texnologiyalardan istifadə olunmaqla inkişafı nəzərdə tutulur. 

Daha sonra tədbir BACSA təşkilatının prezidenti, Bolqarıstanın İpəkçilik və Kənd Təsərrüfatı Təcrübə Stansiyasının direktoru, professor Panomir Tzenovun sədrliyi ilə davam edib.

Tədbirdə “İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri”, “Azərbaycanda ipəkçiliyin inkişafına innovasiyalı yanaşma”, “İpəkqurdu febrininin kontur vasitəsilə izotermik qüvvətləndirməsi”, “Tut meyvə istehlakının lipid profilləri üzərindəki təsirləri, hiperkolesterolemik xəstələrdə antioksidant və iltihab vəziyyəti” və digər aktual məsələlərə dair məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, konfrans 7 aprel tarixinədək davam edəcək.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: