Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВСТРЕЧИ

11.06.2014 00:00
  • A-
  • A
  • A+

“Regionlarda elmin təbliği və təşviqi” kompaniyası çərçivəsində Lənkəranda tələbə və magistrantlarla görüş keçirilib

“Regionlarda elmin təbliği və təşviqi” kompaniyası çərçivəsində Lənkəranda tələbə və magistrantlarla görüş keçirilib

AMEA Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) idarə heyəti “Regionlarda elmin təbliği və təşviqi” kompaniyası çərçivəsində Lənkəranda tələbə və magistrantlarla görüşüblər.

Gənc alimlər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdikdən sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. GAMŞ-ın Lənkəran səfərinin proqramı Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatında davam edib. Burada gənclərlə görüş zamanı şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qurum təsis olunmasından qısa vaxt keçməsinə baxmayaraq bir sıra mühüm layihələrə imza atmışdır. Xüsusən də, gənclərin elmə axınını hədəfləyən “Regionlarda elmin təbliği və təşviqi” kompaniyası az müddətdə öz müsbət nəticələrini verməkdədir. Bu günə kimi Gəncə və Şəkidə keçirilmiş görüşlər, tələbə və magistrlər üçün nümayiş olunan elmi təqdimatlar maraqla qarşılanmışdır. Bunu nəzərə alan akademiya rəhbərliyi layihənin genişləndirilməsini məqsədəuyğun saymışdır. Lənkəranın intellektual gəncləri ilə görüş məhz AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə keçirilir.

F.Salmanov qeyd edib ki, A.Əlizadənin akademiya qarşısında qoyduğu vəzifələrdən biri də məhz elmdə gənclərin sayının artırılması, ali məktəblərdə oxuyan istedadlı tələbə və magistrlərin bu elm ocağına cəlb olunması, onların gələcək potensialının Azərbaycan elminin inkişafına yönəldilməsini təmin etməkdir. Akademiya institutlarının mövcud müasir maddi-texniki infrastrukturu burada tələbə və magistrlərin təcrübə keçməsi, buraxılış işlərinin həm təcrübi və həm də nəzəri hissələrini yerinə yetirməsinə yeni imkanlar yaradır. Bundan əlavə, gənclər gələcəkdə öz elmi fəaliyyətlərini AMEA-da davam etdirmək fürsətini qazanır.

Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşov öz çıxışında elmin regionlarda, o cümlədən cənub bölgəsində kütləviləşdirilməsi üçün göstərilən təşəbbüsləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat ictimai-siyasi fəaliyyət göstərməklə bərabər, həm də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif maraqlı tədbirlər təşkil edir. AMEA Gənc alim və mütəxəssislər şurası ilə əməkdaşlıq perspektivlərindən danışan qurum rəhbəri çıxışının sonunda gələcəkdə birgə elmi tədbirlərin keçirilməsini təklif edib.

Lənkəran Dövlət Universitetinin tələbə və magistrlərilə görüşdə isə universitetin rektoru, AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İskəndərov ərsəyə gətirilən bu layihənin vacib bir missiyanın daşıyıcısı olduğunu qeyd edib. O, universitetdə oxuyan tələbə və magistrlərin nəzəri-təcrübi biliklərinin artırılması üçün akademiyanın elmi müəssisə və təşkilatlarında fərdi və qrup halında təcrübə keçməyə böyük ehtiyac olduğunu vurğulayıb, təhsillə elmin vəhdətini yaratmaq üçün həmin qurumlarla əməkdaşlığa hazır olduqlarını bildirib.

Tədbirdə Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva “Çağdaş dövrdə klassik irsimizin tədqiqi məsələləri”, Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov “Azərbaycanda tunc dövrünün dəfn adətləri”, Mərkəzi Elmi Kitabxanasının Gənc alim və mütəxəssislər şurasının sədri Nərminə Abdullayeva “Cəmiyyətin informasiyalaşdırılmasında kitabxanaların rolu və bu sahədə aparılan dövlət siyasəti”, İqtisadiyyat İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında AMEA İqtisadiyyat İnstitutunun rolu”, Folklor İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov “Etnik özünüdərk və milli kimlik məsələləri folklor müstəvisində” mövzusunda məruzələrlə çıxış ediblər, tələbə və magistrlərin suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: