Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Bütün yollar Qarabağa aparır
12.11.2020 14:30
  • A-
  • A
  • A+

Bütün yollar Qarabağa aparır

Mən əslən cənab Prezident İlham Əliyevin də dəfələrlə dediyi kimi, Qarabağın "İkinci Stalinqradı" və “Qəhrəman şəhər” adlandırdığı Tərtər şəhərindənəm. Birinci Qarabağ müharibəsi mənim uşaqlıq dövrümə təsadüf edib. Yaxşı xatırlayıram ki, gecə-gündüz Tərtərin üzərinə dolu kimi yağan "Qrad"lar, mərmilər, güllələr sanki Dantenin "Cəhənnəm"ini xatırladırdı. Ancaq heç kim şəhəri tərk etmir, hər kəs öz işi ilə məşğul olur, həyat öz axarında davam edirdi. Bir sözlə, hərə bir vasitə ilə öz doğma Tərtərini düşməndən qorumağa çalışırdı…

Bəzən avtomatlar, silah çatışmayanda insanlar ov tüfəngləri, hətta “TOZ” silahları ilə səngərdə ermənilərlə ölüm-dirim savaşı aparırdılar. Məhz Tərtər camaatının bu qəhrəmanlığı sayəsində Tərtər sanki yenilməz bir qalaya çevrildi, düşmənə baş əymədi, təslim olmadı. Bütün bunlardan başqa, çox əlamətdar hal bundan ibarət idi ki, heç bir qarış torpağını erməni daşnaqlarına verməyən qəhrəman tərtərlilər o zaman Dağlıq Qarabağın inzibati-ərazi bölgüsünə daxil olan 10-a yaxın kəndini - Marquşavan, Marağa, Çaylı, Həsənqaya, Göyarx və s. kəndlərini öz ərazisinə qata bilmişdi. Bu, o dövr üçün çox böyük qəhrəmanlıq, igidlik simvolu sayılırdı.

Ancaq bu rəşadət yüzlərlə igid tərtərlilərin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları - Vəzir Orucov, Elman Məmmədov, Ədalət Paşayev, Şikar Şikarov, Mehrac Quliyev, Evarist Paşayevin və başqalarının qanları bahasına başa gəldi...

Sonra məlum atəşkəs rejimi başlandı və uzandıqca uzandı. Ancaq keçən 27 ildə özünə azərbaycanlı deyən hər bir Azərbaycan türkünün dilindən Qarabağ sözü düşmədi. Nədən danışırıqsa danışaq, hara gediriksə gedək, bütün yollar bizi Qarabağa aparırdı. Nəhayət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək şanlı qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, Qarabağ bölgəsində də böyük coşqu, sevinc və qürur hissi ilə qarşılandı. Düşmənlə üz-üzə, qəhrəmancasına dayanan tərtərlilər bu qələbəni bizə bəxş edən Prezidentimizə, ordumuza hər zaman minnətdar olacaq.

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

Vaqif ORUCOV, AMEA-nın Folklor İnstitutunun Türk xalqları şöbəsinin  əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: