Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ЮБИЛЕИ

Professor Müslüm Qurbanovun 70 yaşı tamam olur
20.04.2021 16:55
  • A-
  • A
  • A+

Professor Müslüm Qurbanovun 70 yaşı tamam olur

Bu gün Azərbaycanın tanınmış ekoloq alimlərindən biri, AMEA-nın Radiasiya Problemləri İnstitutunun Ətraf mühitin radiasiya kimyası laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanovun 70 yaşı tamam olur.

Müslüm Əhməd oğlu Qurbanov 1951-ci il aprel ayının 20-də Biləsuvar rayonu Təzəkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olub, 1973-cü ildə universiteti bitirdikdən sonra Elmi şuranın tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Bölməsinin aspiranturasına daxil olub. 1974-1978-ci illərdə L.Y.Karpov adına Fizika və Kimya İnstitutunda və SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda aspirantura təhsilini davam etdirən alim, 1978-ci ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsində “Radiasiya kimyası” ixtisası üzrə elmlər namizədi dissertasiyasını müdafiə edib.

Namizədlik dissertasiyası işini yerinə yetirərkən o, atom reaktorlarında qaz istilik daşıyıcısı kimi işlədilən karbon qazının müxtəlif üzvi birləşmələrlə birgə sistemini, radiasiya-kimyəvi çevrilmələrini tədqiq edib. Alim sonrakı illərdə Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, elmi işçi, baş elmi işçi və qrup rəhbəri vəzifələrində çalışıb. 1978-1992-ci illərdə radiasiya kimyası və fotokimya sahəsində bu texnologiyaların ətraf mühitin ekoloji problemlərin həllinə tətbiqi üzrə kompleks elmi tədqiqat işləri aparıb. Tətqiqat işləri SSRİ Elmlər Akademiyası İ.Kurçatov adına Atom Enerjisi Institutu və Kimyəvi Fizika İnstitutu ilə birgə həyata keçirilib. 1992-ci ildə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsi alıb.

M.Qurbanov BMT-nin Sənaye İnkişafı Təşkilatının seminarları, İstanbul Texniki Universiteti, Mərmərə Tədqiqatlar Mərkəzi, ABŞ-ın Çikaqo Universitetinin Arqon Milli Laboratoriyası, Rusiya Kimyəvi Təhlükəsizlik Konfransı, TETRATECH Ətraf Mühit şirkəti və s. bu kimi bir sıra xarici elmi tədqiqat mərkəzlərində və beynəlxalq seminar və simpoziumlarda məruzə ilə çıxış edib. O, həmçinin 2000-ci ildə Türkiyənin Mərmərə Tədqiqatlar Mərkəzində, 2001-ci ildə isə ABŞ-ın Meriland Universitetində elmi tədqiqat işləri aparıb.

M.Qurbanov bir sıra milli səviyyədə həyata keçirilən beynəlxalq layihələrin koordinatoru və aparıcı eksperti olub. Bu layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Energetika Nazirliyi (“AzərEnerji"ASC) tərəfindən həyata keçirilib. Bundan əlavə bir sıra beynəlxalq təşkilatların - BMT-nin İnkişaf Proqramının, Sənaye İnkişafi Təşkilatının, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının və s. təşkilatların həyata keçirdiyi layihələrdə aparıcı ekspert, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sahə nazirlikləri ilə həyata keçirdiyi təlim proqramlarında radiasiya təhlükəsizliyi üzrə təlimçi ekspert kimi iştirak edib.

Müslüm Əhməd oğlu Qurbanova 2013-cü ildə "Nüvə Kimyası" ixtisası üzrə professor elmi adı verilib. Onun rəhbərliyi ilə kimya üzrə 7 fəlsəfə doktoru və l elmlər doktoru hazırlanıb.

Alim Radiasiya Problemləri İnstitutunda fəaliyyət göstərən ixtisaslaşmış Elmi şuranın və İnstitut Elmi şurasının, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Ekoloji şuranın və bir sıra işçi qrupların üzvüdür.

Professor Müslüm Qurbanovu 70 illik yubileyi münasibətilə təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: