AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən respublikanın baş onkoloqu Azad Kərimli süd vəzi xəstəliklərinin profilaktikasından danışıb. Bildirib ki, süd vəzi xərçənginin yaranma səbəbi elmə məlum olmasa da, onları səbəb kimi qəbul etmək üçün müəyyən faktorlar vardır. Yaş faktoru, irsiyyət faktoru, müxtəlif hormonal pozuntular, piylənmə, zərərli adətlər və digər səbəblər xəstəliyin yaranması və inkişaf etməsi üçün təhlükəli hesab edilir. Lakin bu səbəblər insanlarda təşviş yaratmamalı, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir: “Mühüm olan xəstəliyin vaxtında aşkar edilməsidir. Erkən müəyyən olunmuş xəstəliklə mübarizə asan olur və müvəffəqiyyətlə müalicə edilir”.
Daha sonra Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiriSamir Qurbanov süd vəzi xərçəngi və öz-özünə süd vəzilərinin müayinə texnikasından danışıb. Süd vəzi xərçənginin bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu söyləyən S.Qurbanov bu xəstəlikdə yaş amilinin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, şiş cavan yaşlarda nə qədər tez yaranarsa, bir o qədər tez başqa orqanları da zədələyərək sıradan çıxarır və müalicəyə daha az tabe olur. Buna görə də cavan vaxtlarında süd vəzi xərçənginə tutulan qadının ömrü yaşlı vaxtlarda xəstəliyə yoluxan qadınla müqayisədə qısa olur.
Qeyd edilib ki, ölkədə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsinin nəticəsi olaraq xəstəliyin əlamətləri daha erkən aşkarlanır və xərçəngə tutulmamaq üçün uğurlu müalicə üsullarından istifadə edilir.
Sonda kitabxananın qadın personalı Milli Onkologiya Mərkəzinin Mobil Diaqnostika Kompleksinin müayinə aksiyasında iştirak ediblər.
İki gün davam edən aksiyada 582 adda müayinə aparılıb.
Qeyd edək ki, AMEA-nın institut və müəssisələri arasında Mərkəzi Elmi Kitabxana AR Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müayinə aksiyalarını həyata keçirən ilk təşkilatdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.