Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

11.06.2014 00:00
  • A-
  • A
  • A+

Qarabağ bölgəsinin arxeoloji abidələrinin elektron məlumat bazası Azərbaycanın qədim tarixinin öyrənilməsində mühüm mənbə olacaq

Qarabağ bölgəsinin arxeoloji abidələrinin elektron məlumat bazası Azərbaycanın qədim tarixinin öyrənilməsində mühüm mənbə olacaq

Qarabağ bölgəsinin arxeoloji abidələrinin məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Bu haqda AMEA Rəyasət Heyətinin bugünkü iclasında Qarabağ ərazisində aparılmış son arxeoloji tədqiqatlara həsr olunmuş elmi məruzə ilə çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədov bildirib. X.Alməmmədov məlumat bazasının yaradılması prosesində ilkin və əsas mərhələnin abidələrin yeni texnoloji vasitələrlə qeydiyyatı və xəritələşdirilməsi olduğunu söyləyib.

Onun sözlərinə görə, ilkin olaraq Ağdam rayonunun işğal edilməmiş və Ağcabədi rayonunun Şimal-Qərb hissəsində arxeoloji kəşfiyyat işləri aparılıb, müxtəlif dövrlərə aid 169 arxeoloji abidə elektron şəkildə qeydiyyata alınıb. Məruzəçi AR Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant əsasında Azərbaycan arxeologiyasında ilk dəfə olaraq “Qarabağın arxeoloji xəritə”sinin tərtib edildiyini bildirib. O, hazırda “Qarabağın arxeoloji abidələri toplusu”nun hazırlandığını da qeyd edərək, nəşrin I və II cildinin tərtibi üzərində işlərin başa çatmaq üzrə olduğunu söyləyib.

X.Alməmmədov Qarabağın işğaldan azad edilmiş ərazilərində müxtəlif dövrlərdə arxeoloji kəşfiyyat işləri aparılsa da, 20 ildən çox müddətdə genişmiqyaslı qazıntıların aparılmadığını söyləyərək 2011-2014-cü illərdə aparılan qazıntılar və əldə olunan nəticələr haqqında məlumat verib. Onun bildirdiyinə görə, 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu ilə birgə Füzuli rayonu ərazisində yerləşən Qarabağın orta əsrlər dövrü dini, mədəni-siyasi mərkəzlərindən biri olan “Şeyx Babi xanəgahı”nda arxeoloji qazıntı, bərpa-konservasiya işlərinə başlanmışdır. “Füzuli arxeoloji ekspedisiyası” tərəfindən 2011-2012-ci illərdə ərazidə təxminən 2700 kv.m. sahədə qazıntı işləri aparılaraq, xanəgah kompleksi tamamilə üzə çıxarılmış, abidənin memarlıq quruluşu, inşa mərhələləri, dövrü haqqında olan bütün tarixi faktlar aydınlaşdırılmışdır.

Arxeoloji kəşfiyyatla paralel olaraq Qarabağın erkən əkinçi-maldar tayfalarına məxsus yaşayış yerlərində də arxeoloji qazıntı işləri aparılır. 2012-ci ildən etibarən Ağdam rayonu ərazisində yerləşən İsmayılbəytəpə yaşayış yerində arxeoloji qazıntı işlərinə başlanılmışdır. İki il ərzində burada qazıntı sahəsi 400 kv.m. qədər genişləndirilmiş, Qafqaz neoliti üçün xas olmayan yeni qiymətli artefaktlar aşkar edilmişdir. Abidənin öyrənilməsi nəinki Azərbaycan, ümumilikdə Qafqaz neolitinin problem məsələlərinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

X.Almməmmədov hazırda Qafqaz arxeologiyasında, xüsusilə də Azərbay¬canda Leylatəpə mədəniyyətinin öyrənilməsinin aktual məsələlərdən olduğunu söyləyib: “Yeni aşkar olunmuş abidələrlə onun Azərbaycanda yayılma arealı nəzərəçarpacaq dərəcədə geniş¬lənmiş, onların xronoloji differensiyasına imkan yarat¬mışdır. Qarabağ düzənliyində Leylatəpə mədəniyyətinə aid yeni yaşayış yerlərinin aşkar edilərək arxeoloji tədqiqata cəlb edilməsi istiqamətində çöl-tədqiqat işləri aparılır. Bunun nəticəsi olaraq 22 yeni abidə aşkar edilmişdir ki, bu da Cənubi Qafqaz ərazisində bu mədəniyyətə aid abidələrin 2/3-ni təşkil edir. Arxeoloji kəşfiyyat işləri ilə yanaşı 2013-cü ilin çöl-tədqiqat mövsümündə Leylatəpə mədəniyyətinə aid yeni aşkar edilmiş abidələrdən biri olan Fərmantəpə yaşayış yerində də arxeoloji qazıntı işləri aparılmışdır. 2014-cü il çöl-tədqiqat mövsümündə də bu mədəniyyətə aid abidələrin öyrənilməsi prosesi davam etdiriləcək”.

“Qarabağın arxeoloji abidələrinin elektron qeydiyyatı və xəritələşdirilməsi işi yeni çöl-tədqiqat mövsümündə də davam etdiriləcək, paralel olaraq həm klassik Qarabağ neoliti, həm də Leylatəpə mədəniyyətinə aid abidələrdə arxeoloji qazıntı işləri aparılacaqdır” – deyən məruzəçi bildirib ki, Qarabağın arxeoloji abidələrinin elektron məlumat bazasının yaradılması prosesində ən əsas mərhələlərdən biri olan abidələrin elektron pasportlaşdırılmasına başlanacaqdır. O, tədqiqatlar nəticəsində əldə ediləcək qiymətli informasiyanın nəinki Qarabağın, ümumilikdə Azərbaycanın qədim tarixinin öyrənilməsində mühüm mənbə olacağını bildirib.

Məruzədən sonra mövzu ətrafında müzakirələr aparıldı, müxtəlif fikir və təkliflər səsləndirilib.

AMEA Rəyasət Heyəti tərəfindən Qarabağ ərazisində olan arxeoloji abidələrin qeydiyyatı, xəritələşdirilməsi və elektron pasportlaşdırılması istiqamətində işlərin sürətləndirilməsi, Qarabağın işğaldan azad edilmiş ərazilərində daha genişmiqyaslı arxeoloji tədqiqatların aparılmasının təmin edilərək əldə edilmiş nəticələrin dünyanın nüfuzlu jurnallarında nəşr olunması tövsiyə olunub. Həmçinin İsmayılbəytəpə neolit və Fərmantəpə eneolit dövrü yaşayış yerlərində daha genişmiqyaslı və intensiv arxeoloji qazıntıların aparılması üçün stasionar ekspedisiyanın təşkilinə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: