Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı ingilis dilində ayrıca kitab halında nəşr olunub. Kitabı Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi əsərin qələmə alınmasının 95-ci ildönümü münasibəti ilə nəşrə hazırlayıb. Nəşrin “Ön söz” və ideya müəllifi muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
O, kitaba yazdığı “Ön söz”də qeyd edir ki, Hüseyn Cavidin “Topal Teymur” tarixi dramındakı əsas qayə müsbət planda verilmiş Teymur obrazını XX yüzilliyin türk hökmdarlarına bir örnək kimi təqdim etmək, tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətini artırmaqdan ibarət olmuşdur. Dahi şair bir mütəfəkkir kimi bu məqsədini bədii cəhətdən yüksək səviyyədə reallaşdıra bilmişdir. Buna görə də yüksək sənətkarlıqla qələmə alınmış bu əsərin təkcə ingilis dilində deyil, dünya xalqlarının aparıcı dillərinə çevirərək təqdimi də yüksək ideyaların təbliği məqsədi daşıyır.
Qeyd edək ki, “Topal Teymur” tarixi dramını ingilis dilinə tərcümə və redaktə edənlər AMEA-nın Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.