Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Ordunu qüdrətli edən onun bayrağıdır
06.11.2020 18:06
  • A-
  • A
  • A+

Ordunu qüdrətli edən onun bayrağıdır

Artıq 11-ci ildir ki, Azərbaycanda 9 Noyabr - Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Bayraq sevgisi vətən sevgisidir. Bu bir həqiqətdir ki, türk övladı vətənini sevir, millətini sevir, bayrağını sevir...

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Nəhayət, bir kərə yüksələn bayraq 1991-ci ildə yenidən başlarımız üstə yerini tutdu və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. Dövlət Bayrağı Günü kimi bu günün seçilməsi isə təsadüfi deyil. Məhz 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Cümhuriyyətinin üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.

Milli bayrağımızdakı mavi rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng -  islamçılığı ifadə edir. Bayrağın üzərindəki aypara türk xalqlarının simvolu, səkkizguşəli ulduz isə 8 oğuz-türk tayfasının adı ilə bağlıdır.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilib və qaldırılıb. 

Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi... Üçrəngli bayraq bir də 70 il sonra yüksəklərə qaldırıldı.

1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi.

2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir.

Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunur. Bayraq, eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.

Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bu gün dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, respublikamızı başqa ölkələrdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır.

Hal-hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır.  Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi və verilməkdə davam edir. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri altında Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Azərbaycan üçrəngli bayraqlarla bəzənib. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayır.

Azərbaycanın şanlı ordusu yeni tarix yazır. Şanlı Azərbaycan Ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə - Füzuli, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan digər doğma ərazilərin də düşmən tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və bu yaxın vaxtlarda böyük qələbəylə başa çatdırılacaqdır!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan çıxışında deyib: “İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik! Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndinə, Laçına sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı əmindir.

Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

Milli mənəvi irsimizin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan müxtəlif xarakterli bayraqlar müstəqil dövlətçiliyimizin rəmzi kimi xüsusi əhəmiyyətə malikdir. Muzeydə Azərbaycan Cümhuriyyətinin bayrağı, parlamentin sədri Əlimərdan bəy Topçubaşova məxsus Azərbaycan bayrağı formasında bürüncdən döş nişanı qorunub mühafizə edilir. Azərbaycan Cümhuriyyətinin bayrağı 1952-ci ilin 28 may günü ərəfəsində Türkiyədə mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadə xanımı ilə birgə hazırlayıb. Keçmiş mühacir Gülmirzə Bağırov onu qoruyub Bakıya gətirir, 2003-cü ilin iyununda Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunur.

Azərbaycan bayrağı qürur mənbəyimiz, milli dəyərimizdir. İnanırıq ki, üçrəngli Azərbaycan bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaq.

Aynur BABAYEVA, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: