Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Tanınmış rəssamdan bəhs edən kitabın təqdimatı keçirilib
21.12.2020 12:11
  • A-
  • A
  • A+

Tanınmış rəssamdan bəhs edən kitabın təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “İbrahim Səfinin həyatı və yaradıcılığı” kitabının təqdimatı keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, Naxçıvan böyük sərkərdələr, alimlər, sənətkarlar yurdudur. Həmin sənətkarlardan biri də görkəmli fırça ustası, tanınmış rəssam İbrahim Səfidir.

Rəssamın həyatının müxtəlif dövrlərinə nəzər salan alim vurğulayıb ki, o, Şərur rayonunun indiki Cəlilkənd kəndində anadan olub, həyatının çox hissəsini Türkiyədə keçirib. Bu səbəbdən onun yaradıcılığında Türkiyə mövzusu üstünlük təşkil edir.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri tərəfindən 17 oktyabr 2018-ci il tarixli “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalanıb. Sözügedən sənəd rəssamın həyat və yaradıcılığının tədqiqi istiqamətində yeni mərhələnin başlanğıcı olub, bir çox elmi əsərlər ərsəyə gəlib. Fizzə Quliyevanın yeni nəşr olunmuş “İbrahim Səfinin həyatı və yaradıcılığı” kitabı da həmin əsərlərdəndir.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin kiçik elmi işçisi Mirsəlim Eminov “İbrahim Səfi yaradıcılığının tədqiqi naxçıvanşünaslığa dəyərli töhfədir” mövzusunda məruzə ilə çıxış edib. O söyləyib ki, müəllif ilk olaraq rəssamın atasız keçən uşaqlıq və gənclik illərini, daha sonra ailə, vətən, doğma yurd həsrəti ilə keçən ömrünü, sənət eşqini oxuculara ümumiləşdirilmiş və qısa şəkildə çatdırmaqla İbrahim Səfi şəxsiyyəti, sənət irsi haqqında təəssürat yaradıb.

Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək bildirib ki, çoxşaxəli yaradıcılığa malik İbrahim Səfinin əsərləri müxtəlif mövzu və janrları əhatə edir. O qeyd edib ki, rəssamın yaradıcılığı tarixi-etnoqrafik məlumatlarla zəngindir. Xalqın, müsəlman aləminin adət-ənənəsini əks etdirən tabloları təkcə incəsənət üçün deyil, həm də etnoqrafik məlumatların öyrənilməsində mühüm mənbədir. Vurğulanıb ki, rəssamın həyat verdiyi əsərlər sırasında türk dünyasının dahi lideri Mustafa Kamal Atatürkün portreti ən parlaq yaradıcılıq uğuru kimi qiymətləndirilə bilər. Yaradıcılığında qaçqınlıq, erməni vandallığı və digər motivlərin təsviri əsl vətənpərvərlik nümunəsidir. Onun yaradıcılığının ən kiçik incəliklərinə qədər araşdırıldığını deyən alim bildirib ki, bu kitab Fizzə Quliyevanın müstəqil tədqiqatçı kimi fəaliyyətində xüsusi əhəmiyyət daşıyır.

Mərasimdə kiçik elmi işçisi Fatma Məmmədova da çıxış edərək İ.Səfi yaradıcılığının portret janrı haqqında fikirlərini bölüşüb.

Sonda nəşrin müəllifi Fizzə Quliyeva gənc tədqiqatçılara və bütövlükdə elmə, sənətə göstərilən qayğıya görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, təqdimatı keçirilən kitab “Ön söz”, giriş, 10 başlıq, nəticə, ədəbiyyat siyahısı və illüstrasiyalardan ibarətdir. Giriş hissədə görkəmli rəssamın həyatı, sənət yolu, o cümlədən kolleksiyaçıların, bankların, universitetlərin onun əsərlərinə verdiyi yüksək dəyər, xarici səfərləri və digər məlumatlar öz əksini tapıb. Kitabda yer alan “İbrahim Səfinin həyatı və sənət dünyası”, “Mənzərələr”, “Portret qalereyası”, “Natürmortları”, “Yaradıcılıq axtarışları” rəssamın yaradıcılığının hərtərəfli araşdırıldığından xəbər verir. Nəşrin “Sərgiləri” adlı hissəsində rəssamın 100 fərdi sərgisinin keçirilməsi, çox sayda qarışıq sərgilərdə iştirak etməsi ilə bağlı məlumatlar yer alıb.

Kitabın elmi redaktoru və “Ön söz” sözün müəllifi AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: