AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda çapa hazırlanan “Ərəbdilli əlyazma və çap kitabları kataloqu”nun müzakirəsi keçirilib.
Müzakirədə çıxış edən fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov bildirib ki, kataloqda müəssisədə mühafizə olunan 100-dək ərəbdilli əlyazma və çap kitablarının qısa elmi təsviri yer alıb. Həmin təsvirlərdə müəlliflərin, əlyazma və çap kitablarının adı, yazılma, yaxud çap tarixi, xətti, həcmi, ölçüsü, məzmunu və fondda saxlanma şifri öz əksini tapıb. Oxucuların kataloqdan istifadəsini asanlaşdırmaq məqsədilə kitabın sonuna həm latın qrafikalı, həm də ərəb əlifbası ilə xüsusi “Göstəricilər” bölməsinin əlavə edilməsi nəzərdə tutulub.
Müzakirədə kitabın tərtibçiləri - fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və fondun elmi işçisi Kübra Vəliyeva çıxış edərək kataloqun çapa hazırlanması ilə bağlı görülən işlər haqqında məlumat verib, onun elmi əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, kataloq əlyazmaşünaslar, mətnşünaslar, xüsusilə şərqşünaslar üçün dəyərli elmi mənbə ola bilər.
Qeyd edək ki, Əlyazmalar Fondunun əməkdaşları tərəfindən burada mühafizə olunan 600-dən çox qədim əlyazma və çap kitabları kataloqunun hazırlanması işi 2016-cı ildən davam etdirilməkdədir. Fond əməkdaşları tərəfindən əvvəlki illərdə “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” və “Türkdilli əlyazma və çap kitablarının kataloqu” hazırlanaraq nəşr edilib. Sayca üçüncü olan “Ərəbdilli əlyazma və çap kitabları kataloqu”nun isə tezliklə nəşri nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.