Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Akademiya-sənədlər külliyyatı: qərarlar, protokollar, yazışmalar (1920-1991-ci illər)” adlı kitabın I cildi nəşr olunub
05.02.2021 14:23
  • A-
  • A
  • A+

“Akademiya-sənədlər külliyyatı: qərarlar, protokollar, yazışmalar (1920-1991-ci illər)” adlı kitabın I cildi nəşr olunub

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) eyniadlı layihəsi əsasında “Akademiya-sənədlər külliyyatı: qərarlar, protokollar, yazışmalar (1920-1991-ci illər)” adlı II cildli kitabının I cildi nəşr olunub. Layihənin rəhbəri müəssisənin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.

Kitabın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən “Elm tariximizin salnaməsi və bələdçisi” başlığı altında yazılmış “Ön söz”ündə  qeyd olunur ki, Elm Tarixi İnstitutunun kiçik elmi kollektivlə hazırlayıb təqdim etdiyi bu layihə sovet dövlətinin elm siyasətinin reallıqlarını əks etdirən çoxsaylı zəngin materiallar xəzinəsidir. Zəngin faktlar, məlumatlar toplusu və elm tariximizin salnaməsi olan kitab bir ilk olmaqla yanaşı, Azərbaycanda elmi ənənələrin davamlı inkişaf proseslərini öyrənmək və müasir dövrdə həmin ənənələrdən yaradıcı şəkildə faydalanmaq üçün də qiymətli bələdçidir.

İnstitutun direktoru Məryəm Seyidbəyli tərəfindən yazılmış giriş sözündə  isə toplu sənədlər əsasında ötən əsrdə Azərbaycanda elmin inkişaf dinamikası, AMEA-nın yaranmasına qədər və sonrakı mərhələ təsnif edilib və kitabın yazılma zərurəti geniş şəkildə izah olunub. Qeyd edilib ki, oxuculara təqdim olunan kitab bu sahədə ilk sənədlər toplusudur və nəşrdə toplanmış arxiv materialları xronoloji prinsip üzrə yerləşdirilib. Bu da Elmlər Akademiyasının fəaliyyətinin bütün dinamikasında tarixi mənzərəni nümayiş etdirməyə imkan verir.

Kitabda Elmlər Akademiyasının əsas fəaliyyətini əks etdirən sənədlər yer alıb. Bunlar nizamnamələr, qətnamələr, fərmanlar, məktublar və s. sənədlərdən ibarətdir.

Nəşrdə ölkə və ölkəxaricində olan müxtəlif müəssisələrin arxivlərindən 1920-1991-ci illəri əks etdirən böyük həcmdə faktiki materiallar toplanıb. Topluya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivindən, AMEA İrs Elmi Mərkəzindən, Rusiya Federasiyası Prezidentinin Arxivindən və Rusiya Elmlər Akademiyası Arxivindən toplanmış materiallar daxildir. Kitabda yer alan bu arxiv materialları, eyni zamanda Azərbaycan dilinə tərcümə edilib.

Tədqiq olunan dövr Azərbaycanın sovet dövrü tarixini əks etdirir. Toplu ilk növbədə dövlətin həyata keçirdiyi elm siyasətinin Azərbaycan Elmlər Akademiyasının regional quruluşunun inkişafına təsir təcrübəsini öyrənmək baxımından maraqlıdır. Belə ki, bu materiallar toplusunda təqdim olunan xeyli sayda yeni, nəşr olunmamış arxiv sənədləri, qətnamələr, hesabatlar, fərmanlar və s.ilk dəfə elmi dövriyyəyə buraxılır.

Kitab humanitar və təbiət elmləri üzrə mütəxəsislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: