Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Azərbaycanda üzümçülüyün inkişafına yeni töhfə
15.02.2021 09:39
  • A-
  • A
  • A+

Azərbaycanda üzümçülüyün inkişafına yeni töhfə

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzüm laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, aqrar elmləri doktoru, dosent Vüqar Səlimovun həmmüəllifliyi ilə “Azərbaycan ampeloqrafiyası” monoqrafiyasının II cildi işıq üzü görüb.

2017-ci ildə nəşr edilmiş I cild “Azərbaycan ampeloqrafiyası”nın davamı olan bu fundamental kapital əsər giriş, 3 bölmə və ümumilikdə 7 fəsildən ibarətdir.  Xüsusi strukturda tərtib olunan monoqrafiyada “Ümumi ampeloqrafiya”, “Rəqəmsal ampeloqrafiya” və “Xüsusi ampeloqrafiya” adlı bölmə başlıqları altında uyğun fəsillər yer alıb.

İki fəsildən ibarət “Ümumi ampeloqrafiya” bölməsində Azərbaycanda aparılan ampeloqrafik tədqiqatlar, üzümçülüyün inkişaf strategiyası, becərilən üzüm sortlarının genefondunun tərkibi, polimorfizm xüsusiyyətləri, üzümçülüyün yenidən inkişaf etdirilməsinin elmi əsasları araşdırılır.

Monoqrafiyanın “Rəqəmsal ampeloqrafiya” bölməsində Azərbaycanda becərilən üzüm sortlarının şifrə və kodları ilə bağlı informasiya verilir.

“Xüsusi ampeloqrafiya” 4 fəsildən ibarət olmaqla əsərin ən iri həcmli bölməsidir. Burada universal, texniki, seleksiya yolu ilə alınmış yeni üzüm sort və formaları haqqında məlumatlar yer alıb. Nəşrin sonuncu fəslində introduksiya olunmuş və ölkəmizdə becərilən üzüm sortlarının ampeloqrafik təsviri qeyd olunub.

Əsərdə 24 universal, 40 texniki, 17 seleksiya yolu ilə alınmış və 13 introduksiya olunmuş üzüm sortunun ampeloqrafik təsvirləri, ampelo-deskriptor xüsusiyyətləri və rəngli fotoşəkilləri verilib. Azərbaycanda ampeloqrafik tədqiqatlara dair elmi əsərlərin siyahısı da nəşrin sonuna əlavə olunub.

Başqa ölkələrdən olan mütəxəssislərin bu sahəyə olan marağı nəzərə alınaraq monoqrafiya üzümün əsas irsi əlamətlərinin rəqəmsal qaydada beynəlxalq kodlaşdırılma və şifrələnmə sistemi əsasında hazırlanıb. Kitabda əsas bölmələr, üzüm sortlarının adları, ampelo-deskriptor xüsusiyyətləri ana dilimizlə yanaşı, rus və ingilis dillərində də verilib, üzüm sortlarında genetik əlamətlərin OIV deskriptorları  üzrə  beynəlxalq şifrə və kodlar əsasında oxunması üçün ingilis və rus dillərində açarları qeyd olunub.

Olduqca mühüm elmi əhəmiyyətə malik olan əsər uyğun ixtisas üzrə təhsil alanlar, tədqiqatçılar, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri və bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın, 2018-ci ildə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikamızda üzümçülüyün inkişaf strategiyası müəyyənləşdirilib. Bu istiqamətdə elmi əsasların yaradılması mühüm elmi-praktiki əhəmiyyət edir. İki cildlik “Azərbaycan Ampeloqrafiyası” da Azərbaycanda üzümçülüyün inkişafına verilən töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: